Baş Prokurorluq məlumat yayıb Baş Prokurorluq məlumat yayıb

Ögey övladlarına əzab verən qadına cinayət işi açılıb

Baş Prokurorluq məlumat yayıb

Gəncə şəhər sakinləri 2009-cu il təvəllüdlü Əli və 2010-cu il təvəlüdlü Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olan müraciət əsasında Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar verib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib.

Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da, Azərbaycan Ailə Məcəlləsi ilə müəyyən edilən vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılıb.

"Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir", - qurumun Mətbuat Xidmətindən bildirilib.