Sabiq məmurun oğlu hakim qarşısında: 100-dən çox zərərçəkmiş var

Həmçinin şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev məsuliyyətə cəlb olunub

Bakıda sabiq məmurun dələduzluqda təqsirləndirilən oğlu hakim qarşısına çıxarılır. O, külli miqdarda dələduzluqda ittiham olunur.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət “Konstra” MTK-nin təsisçisi Bəsrət Abbaslının əməllərindən gedir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.

Həmçinin şirkətin direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev məsuliyyətə cəlb olunub.

Onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

İş üzrə 100-dən çox zərərçəkmiş var.

Rəsmi məlumata görə, D.Rəsulov “Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda )və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

2021-ci ilin aprel ayında D.Rəsulovun Rusiyanın Tula şəhərində olması müəyyən edilib. Daha sonra o, Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.