Jurnalistlərinin növbəti qurultayının yeri məlum oldu

Oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.

AzNews.az xəbər verir ki, qurultay Bakıda, Rəşid Behbudov adına Mahnı Teatrında saat 09:00-da başlayacaq.

Qurultayda Azərbaycan Mətbuat Şurasının ötən dörd ildəki fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, qurumun İdarə Heyətinin yeni tərkibi və sədri seçiləcək.

Bundan başqa, Mətbuat Şurasının nizamnaməsinə və “Jurnalistlərin etik davranış qaydaları”na dəyişikliklərlə bağlı təkliflərin müzakirəsi nəzərdə tutulur.

Qurultay nümayəndələri əvvəlcə İdarə Heyətinin yeni üzvlərini seçəcəklər. Daha sonra İdarə Heyətinin üzvləri arasından Mətbuat Şurasının sədri müəyyənləşdiriləcək.

Tədbirin gündəliyinə Azərbaycan Prezidentinə müraciətin qəbul edilməsi məsələsi də daxildir.

Xatırladaq ki, qurultayın əvvəlcə oktyabrın 15-də keçirilməsi planlaşdırılsa da, hazırlıq işləri ilə əlaqədar tarix bir gün sonraya dəyişdirilib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2003-cü ildə yaradılıb. Qurumun əvvəlki – VIII qurultayı 2022-ci il sentyabrın 24-də keçirilib. Həmin qurultayda Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. O, bu vəzifədə Əflatun Amaşovu əvəzləyib.