Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatları ilə bağlı baş vermiş şübhəli olaylar haqda mühüm məlumat yayılıb.

AzNews.az xəbər verir ki, Bakupost.az-ın yaydığı məlumatda nazirlikdə bütün qanuni prosedurların formal xarakter daşıdığı, kadrların təyinatında imtahan sisteminin saxtalaşdırıldığı, əslində isə bunun gözdən pərdə asmaq üçün istifadə edildiyi, istədikləri təyinatı qanundankənar həyata keçirdikləri bildirilir.

Məsələn, 7 fevral 2022-ci ildə “dövlət qulluğuna qəbul üçün daxili müsahibə” keçirilməsi barədə elan verilir. Namizədlər qeydə alınır və mart ayında müsabiqələr başlayır.

Vakant yerlərdən biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsi ilə bağlıdır. Bu şöbənin yaradılması da olduqca maraqlıdır: Hüquq şöbəsi ləğv edilir, şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru, 20 ilə yaxın bu şöbədə çalışan Teymur Şəkərəliyev işdən uzaqlaşdırılır. 47 yaşında olan T.Şəkərəliyevə heç bir yerdəyişmə təklif edilmir, sadəcə, şöbəsi ləğv edilir və nazirlikdən tamamilə uzaqlaşdırılır.

Ardınca isə Hüquq və insan resursları şöbəsi yaradılır və Teymur Şəkərəliyevin bundan öncə katibəsi işləmiş Aynurə Kərimova müdirliyə namizəd olur.

Yeri gəlmişkən qeyd edək ki, A.Kərimova bundan öncə Ətraf Mühitin Mühafizəsi Departamentində (hazırkı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti) də katibə vəzifəsini yerinə yetirib.

Qəribə bu deyil, hər kəsin vakansiyaya iddia etmək hüququ var. Qəribə odur ki, şöbə müdiri vəzifəsinə namizəd olan Aynurə Kərimova 11 mart 2022-ci ildə saat 11:00-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 saylı Müsahibə otağında imtahan-müsahibəyə cəlb edilir. 15 aprel 2022-ci il tarixində rəsmi nəticələr elan edilir və bəlli olur ki, A.Kərimova 19 bal toplayıb və vəzifəyə uyğundur. Onun vəzifəyə uyğunluğu təsdiqlənəndən sonra iddia etdiyi vəzifəyə təyin olunub.

Ancaq 11 mart 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı, xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələrlə Gəncədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının görüşü keçirilib. ADAU-nun saytından oxuyuruq ki, 11 mart 2022-ci ildə keçirilən bu görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovla birgə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova da iştirak edib. Və nəinki iştirak edib, həm də öz çıxışı ilə tələbələri maarifləndirib və onun bu tədbirdə tribunada olduğunu əks etdirən görüntü də var.

Bir şəxsin eyni vaxtda həm Bakıda imtahan verməsi, imtahandan uğurla keçməsi, nəticələrin dərhal hazırlanması və onun namizəd olduğu vəzifəyə təyin olunması ilə eyni anda-saatda Gəncədə həmin vəzifənin sahibi kimi tələbələr qarşısında çıxış etməsinin mümkünsüzlüyü hər kəsə aydındır. Bu isə imtahan-müsahibənin formallığının, əslində isə vəzifə təyinatlarında saxtalaşdırmanın bariz sübutudur.

Yeri gəlmişkən, A.Kərimovanın Bakıda imtahan verib, uğur qazanıb və vəzifəyə təyin olunduğu saatda Gəncədə nazir müavini Vüqar Kərimovla birgə tədbirdə itirak etməsi təsadüf deyil. Burda yeganə təsadüf olan soyadların oxşarlığıdır, onlar qohum deyillər. Təsadüfi olmayan A.Kərimovanın V.Kərimovun kadrı olmasıdır.

Ümumiyyətlə, Vüqar Kərimovun Ekologiya və Təbii Sərvətlər Nazirliyində müstəsna səlahiyyətə malik olduğu və kadrların təyinatının onun təqdimatına bağlı olduğu vurğulanır.