Əmanətlərin tam sığortalanması dövrü başa çatır

Bunu iqtisadçı ekspert Samir Əliyev bildirib

“Gələn həftə, yəni dekabrın 4-ü “Əmanətlərin tam sığortalanması haqqında” qanunun ömrü başa çatır”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu iqtisadçı ekspert Samir Əliyev bildirib. O qeyd edib ki, hələ ki, hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməyib:

“Böyük ehtimalla müddət daha uzadılmayacaq. Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur”.

Ekspert ehtimal edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri qüvvəyə minəcək:

“Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə təkmilləşdirilməsinə ehtiyac var”.