- Pullu iş
- 16:08
- 1 500
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığında yeni mərhələyə keçir - ŞƏRH

Vyanada keçirilən OPEC Beynəlxalq Seminarı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında baş tutan görüş iki ölkə arasında strateji enerji əməkdaşlığında önəmli mərhələ kimi dəyərləndirilə bilər.
Görüş zamanı yalnız ənənəvi karbohidrogen sektoruna dair əməkdaşlıq imkanları deyil, həm də qlobal enerji gündəmini formalaşdıran yaşıl enerji layihələri müzakirə olunub. 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının bu ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır ki, bu da Azərbaycanın alternativ enerji portfelinin genişlənməsində əhəmiyyətli addımdır. Eyni zamanda, SOCAR, Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə birlikdə Xəzər dənizində həyata keçirilməsi planlaşdırılan 3,5 QVt-lıq külək enerjisi layihəsi bölgənin enerji xəritəsində tamamilə yeni bir səhifə açmağa iddialıdır.
Bu layihələr təkcə texniki və ekoloji əhəmiyyət kəsb etmir. Onlar həm də Azərbaycanın beynəlxalq enerji bazarlarında dayanıqlı tərəfdaş kimi imicini möhkəmləndirir və ölkənin bərpa olunan enerji sahəsində regional liderliyini formalaşdırır. Səudiyyə Ərəbistanı kimi güclü enerji oyunçusunun bu proseslərə aktiv şəkildə cəlb olunması isə Azərbaycanın bu strategiyasına mühüm dəstək kimi qiymətləndirilə bilər.
Karbohidrogen sahəsində SOCAR ilə Səudiyyə şirkətləri arasında əməkdaşlıq imkanlarının da dəyərləndirilməsi, eyni zamanda texniki komissiyanın yaxın aylarda keçirilməsi planlaşdırılan növbəti iclası, bu dialoqun təkcə diplomatik deyil, əməli mərhələyə keçdiyini göstərir.
Azərbaycan üçün bu tipli enerji tərəfdaşlıqları, xüsusilə də Körfəz ölkələri ilə qurulan dayanıqlı münasibətlər, həm daxili enerji strategiyasının davamlılığını təmin edir, həm də beynəlxalq bazarda enerji təhlükəsizliyinin formalaşmasına töhfə verir. Bu görüş, enerji siyasətinin yalnız hasilat və ixracla məhdudlaşmadığını, həm də innovasiya, texnologiya və geosiyasi sabitlik kimi faktorlara əsaslandığını göstərir.
Nuray,
Aznews.az