Ticarət rəqəmləri yüksəlir, istehlak vərdişləri dəyişir - ŞƏRH

2024-cü ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsində qeydə alınan 3,8 faizlik real artım əhalinin alıcılıq gücündə sabitlik və istehlak bazarının davamlılıq göstəricisi kimi qiymətləndirilə bilər. Ümumi dövriyyənin 29,6 milyard manatı keçməsi və qeyri-dövlət sektorunun burada 99,8 faiz paya sahib olması onu göstərir ki, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olaraq özəl sektorun rolu artmaqda davam edir. Bu da investisiya mühitindəki pozitiv siqnallardan biridir.

Aznews.az şərh edir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dövriyyəsi real ifadədə 1,5 faiz artaraq daha çox konservativ xərcləmə meyilini göstərsə də, qeyri-ərzaq mallarında 6,7 faizlik yüksəliş inflyasiyadan sonrakı adaptasiya və istehlakçı inamının tədricən bərpa olunduğunu göstərir. Bu kontekstdə xüsusilə tekstil, geyim və ayaqqabı üzrə 12,8 faiz, elektrik malları və mebel üzrə 4,6 faiz, əczaçılıq məhsulları üzrə isə 2,4 faiz xərcləmə payı, əhalinin müxtəlif ehtiyaclara uyğunlaşdırılmış istehlak davranışını əks etdirir.

Alış-veriş strukturunda diqqət çəkən nüanslardan biri də yanacaq məhsullarının (6,2 faiz), kompüter və telekommunikasiya avadanlıqlarının (1,2 faiz) ümumi xərclər içindəki payıdır. Bu, həm nəqliyyatla bağlı tələbin dəyişməsinə, həm də texnoloji cihazlara olan mülayim, lakin artan marağa işarədir. Özəlliklə kompüter və telekommunikasiya avadanlıqlarının payının aşağı olması ölkədə bu sahənin hələ də daha çox idxala əsaslandığını və qiymət elastikliyinin yüksək olduğunu göstərir.

Pərakəndə satış artımının fərqli satış kanalları üzrə bölünməsi də maraq doğurur. Müəssisələr üzrə dövriyyənin 8,8 faiz artması o deməkdir ki, iri ticarət şəbəkələri və rəsmi satış nöqtələri bazardakı payını artırır. Bununla yanaşı, fərdi sahibkarlar üzrə cəmi 0,5 faiz artım isə kiçik biznes subyektlərinin müəyyən struktur çətinliklərlə üzləşdiyini göstərir. Bazar və yarmarkalarda isə 4,2 faizlik artım qeyri-formal ticarət davranışının hələ də aktiv olduğunu sübut edir.

Orta hesabla əhali ayda 482,8 manatlıq istehlak xərci edib ki, bunun 264,9 manatı ərzaq məhsulları, 217,9 manatı isə qeyri-ərzaq malları üçün xərclənib. Bu rəqəmlər, nominal maaş artımı və inflyasiya ilə birgə analiz edildikdə, real gəlirin sabitliyini qoruduğunu göstərir. Lakin bu sabitliyin müvəqqəti olmaması üçün istehlakın keyfiyyət komponentlərinin (məsələn, innovativ mallar, texnologiya, yerli istehsal) artması əsas hədəflərdən biri olmalıdır.

Ümumilikdə, pərakəndə ticarət dövriyyəsindəki artım iqtisadi sabitliyin davam etdiyini göstərsə də, xərclərin struktur analizi alıcılıq davranışlarında ehtiyatlı və selektiv meyillərin gücləndiyini göstərir. Orta istehlakçı daha çox prioritet ehtiyaclarını qarşılamağa yönəlib, qeyri-zəruri xərcləri isə ya ertələyir, ya da minimal həcmdə edir. Bu tendensiya həm dövlətin fiskal siyasətinə, həm də istehsal və xidmət bazarına yönələn biznes strategiyalarına birbaşa təsir göstərir.

Nuray,

Aznews.az