Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək - ŞƏRH

Çinin “JA Solar” şirkəti ilə imzalanmış sazişə əsasən, Azərbaycanda Neftçala və Biləsuvarda inşa ediləcək günəş elektrik stansiyaları üçün 1 GVt gücündə yüksək səmərəli "DeepBlue 4.0 Pro" modullarının təchizatı təmin ediləcək. Layihələrin həyata keçirilməsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinə məxsusdur və bu addım ölkənin bərpaolunan enerji sektorunda həyata keçirdiyi genişmiqyaslı transformasiyanın bir hissəsini təşkil edir. Ümumilikdə üç iri enerji layihəsi üzrə bu əməkdaşlıq Azərbaycanın enerji müstəqilliyinin gücləndirilməsi və resurs şaxələndirməsi istiqamətində atılan strateji addımlar sırasındadır.

Aznews.az şərh edir ki, günəş və külək enerjisi layihələri üzrə 1 GVt-lıq potensialın inkişaf etdirilməsi Azərbaycanın enerji balansında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaq gücünə malikdir. Neftçalada 315 MVt və Biləsuvarda 445 MVt gücündə nəzərdə tutulan stansiyalar təkcə elektrik enerjisi hasilatını artırmaqla qalmayacaq, eyni zamanda ölkənin ixracyönümlü enerji potensialını da möhkəmləndirəcək. Qlobal miqyasda yaşıl enerjiyə keçid istiqamətində müşahidə olunan tendensiyalar fonunda bu layihələrin icrası Azərbaycanın beynəlxalq enerji bazarında reputasiyasını yüksəldir və regionda alternativ enerji mərkəzinə çevrilmək potensialını gücləndirir.

Çinin qabaqcıl texnologiyalar təqdim edən “JA Solar” şirkəti ilə əməkdaşlıq göstərir ki, Azərbaycan bu sektorda yüksək texnoloji və texniki effektivlik standartlarına üstünlük verir. "DeepBlue 4.0 Pro" modullarının istifadəsi enerjinin məhsuldarlığını artırmaqla yanaşı, istismar və texniki qulluq xərclərinin optimallaşdırılmasına da imkan verəcək. Bu isə uzunmüddətli iqtisadi səmərəlilik və dayanıqlı enerji istehsalı üçün ciddi əhəmiyyət kəsb edir.

Eyni zamanda, “Masdar” şirkətinin bu layihələrdə aparıcı rol oynaması Azərbaycanla BƏƏ arasında strateji enerji tərəfdaşlığının inkişaf etdiyini nümayiş etdirir. Müxtəlif regionlarda torpaq icarəsi, şəbəkəyə qoşulma və enerji alqı-satqısı üzrə hüquqi mexanizmlərin təsdiqlənməsi isə bu cür iri miqyaslı layihələrin idarəolunan hüquqi bazada həyata keçirildiyini göstərir. Bu, həm də investorların Azərbaycandakı hüquqi və iqtisadi mühitə olan etibarının göstəricisidir.

Bütövlükdə, qeyd olunan layihələr ölkənin “yaşıl enerji” gündəmini praktik müstəviyə daşıyır. Gələcəkdə texnoloji yeniliklərin tətbiqi, elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi və ətraf mühitin mühafizəsi baxımından bu təşəbbüslər Azərbaycanın enerji siyasətində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilə bilər.

Nuray,

Aznews.az