“Erməni müğənni mənə zəng etdi” - Xalq artisti

"Ermənilər arasında bizim musiqini sevənlər çoxdur"

"Nyu-Yorkda mükafat alanda, salonun yarısı erməni idi. Səhnə arxasında yaxınlaşırdılar. Hətta biri dedi ki, sənə qulaq asıb müğənni olmuşam. Başladı "Getmə" oxumağa. Eyni mənim kimi oxuyurdu. Bizimkilər isə məndən öyrənib, deyir, Zeynəb Xanlarovaya, Müslim Maqomayevə qulaq asmışam. Bizə düşmən olsalar da, etiraf edirdilər. Sadə xalq pis siyasətçilərin qurbanı olub".

AzNews.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadə ilə İnstaqramda canlı yayımda deyib. Müğənni ona zəng edən ermənidən söz açıb:

"Hayiko adlı erməni müğənni mənə zəng etmişdi. Norveçdə idim. Deyirdi ki, Yerevandayam, bax nəyə qulaq asıram. Qoydu "Külək niyə belə əsirsən". Deyir ki, qoy, bir nəfər desin niyə qulaq asırsan? Bəzən onların sənət insanlarını qınamıram. Biri Azərbaycanın yaxşılığına danışan kimi yüz nəfər ona hücum edir".

Dadaşova karantində toysuz və səhnəsiz qalmasından danışıb: "Rusiyada, Türkiyədə mənə yaxşı müqavilələr təklif edilirdi. Amma vətənimə bağlıyam, gəldim bura. Burda tək gəlirimiz toydur. Yaxşı müğənni olmaq istəyirsənsə, ya sponsorun, ya da yaxşı maaşın olmalıdır.

Bahalı sənətdir. Toylar yoxdur. Maaşım yaxşı olsa toy olmasa da olar. Sənətimə pul xərcləməliyəm. Çalışdım karantində də nəsə edim, boş qalmayaq, sənət yaşasın. Özfəaliyyət indi baş alıb gedib. Pandemiya, pulsuzluq bunun üstünə gəlir və pis olursan".

Müğənni insanların imkansızlıqdan şikayət etməsini qınayıb: "Vaxt var idi, küçədə dayanardın, yarım saatdan bir bir maşın keçirdi. Heç kim də demirdi, kasıbıq, ölürük acından. İndi çıxırsan küçədə milyon dənə maşın, tıxac, hamı da şikayət edir. Hamının əlində telefon, interneti var, ancaq deyir, acından ölürük.

Əvvəl camaatın nə maşını, nə telefonu var idi. Heç kimdə demirdi, acından ölürük. Şükür etmək lazımdır. Biz musiqiçilər bir ildir işləmirik, amma nəyisə satırıq, dolanırıq. Ailəmdə 3 nəfərik, amma bacılarıma da baxıram. Onların nəyinin olub-olmadığını bilməsəm, yata bilmərəm".