"Mülki cəmiyyət demokratiyanın təməlidir" "Mülki cəmiyyət demokratiyanın təməlidir"

İlham Əliyevin rəngsiz inqilabı - Son bir ilin uğurları

"Mülki cəmiyyət demokratiyanın təməlidir"

2018-ci il 11 aprel tarixində Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev cənabları seçicilərin 82.06 faiz səsini qazanaraq yenidən prezident seçildi. Ötən bir ildə əldə edilən uğurlar dövlət idarəçiliyinin optimallaşdırılması və ölkənin inkişafı baxımından çox mühümdür. Dağlıq Qarabağ problemi və işğal olunmuş ərazilərimizin geri qaytarılması istiqamətində bir sıra ciddi addımlar atılıb. Azərbaycan yeni menecer-texnokratiya idarəetmə sisteminə keçib. Prezident İlham Əliyev tərəfindən atılan addımlar sayəsində demokratik dövlətlər tarixində ilk dəfədir ki, “yuxarıların təşəbbüsü ilə idarəetmənin demokratikləşdirilməsi prosesi” inqilabi xarakter almışdır.

“Ölü nöqtə”yə necə son qoyuldu?

1991-ci ildən 2018-ci ilin may ayına qədər Ermənistanı idarə edən siyasi-hərbi istebleşment Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları irəli sürərək öz ideyalarını həyata keçirmək siyasəti üçün səfərbər olunmuşdu. Ona görə də rəsmi İrəvanın hər iki qonşu dövlətlə dərin problemləri yaşanırdı. Bu da öz növbəsində Cənubi Qafqazda sülhün və sabitliyin inkişafı üçün əngəllərə səbəb olurdu. Ermənistan beynəlxalq miqyasda Cənubi Qafqaz dəhlizi ilə bağlı bütün proyektlərdə iştirakdan məhrum qalmışdı. Çünki işğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı apardığı əsassız ərazi iddiaları elə ermənilərin özü üçün məzarlığa çevrilmişdi. Beləliklə, siyasi, iqtisadi və sosial baxımdan Ermənistan regionun ən geridə qalmış ölkəsinə çevrildi. Çünki ölkəni “hərbi xunta” idarə edirdi. Belə bir təfəkkürlə, hərbi ritorika ilə sülh danışıqları istiqamətində Azərbaycanın və beynəlxalq birliyin sülh təşəbbüsləri çox zaman dalana dirənirdi. 2018-ci il mayın 8-də “məxməri inqilab” yolu ilə hakimiyyətə gələn “Mənim təşəbbüsüm” hərəkatı hakimiyyətdəki “hərbi xunta”nı seçkilər yolu ilə devirə bildi. Beləliklə, İrəvanda mülki cəmiyyət siyasəti ilk dəfə olaraq qələbə çaldı. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq səviyyədə aparılan sülh danışıqlarının “hərbi ritorika” çərçivəsində mümkün olmayacağını bəyan etmişdi. Ermənistanda mülki cəmiyyətin qurulması, “müharibə partiyası”nın, yəni “hərbi xunta” qaydaları ilə idarəetmə siyasətinin iflasa uğraması Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin uğuru deməkdir.

Bu gün transkontinental şirkətlər keçmişin stereotiplərini bir yana qoyaraq, XXI əsrin standartları çərçivəsində beynəlxalq layihələrin həyata keçirilməsində daha çox maraqlı tərəf kimi çıxış edirlər. Ona görə də, münaqişə ocaqlarının “dondurulması” deyil, mülki cəmiyyət vasitəsilə problemlərin həllinə üstünlük verilir. Təbii olaraq inkişaf etmiş ölkələrin hakimiyyətləri bu istiqamətdə siyasi iradə nümayiş etdirməklə qlobal səviyyəli layihələrin həyata keçirilməsində transkontinental şirkətlərə dəstək verirlər. Yaxın Şərqdə Misir, İraq, Suriya, Liviya, Livan və digər ölkələrlə bağlı mövcud problemlər demək olar ki, son bir ildə öz həllini tapır. Bu dövlətlərdə yaşanan silahlı münaqişələr, dini müharibələr, ölkələrin bir neçə dövlətlərə bölünməsi və digər mənfi hallar tədricən aradan qaldırılmaqdadır.

Yaxın Şərqin bir parçası olan Cənubi Qafqazda da region dövlətlərində mülki cəmiyyətin formalaşdırılması mövcud problemlərin daha asan yolla həlli deməkdir. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və onun iradəsi sayəsində milli diplomatiyamız Qarabağ problemi və işğal olunmuş ətraf rayonların qaytarılması məsələsində Ermənistanın hərbi xunta qaydaları ilə idarə olunması, hərbi ritorika ilə davranışlarını şahmatdakı kimi “PAT” vəziyyətinə sala bilmişdir. İrəvanda ilk dəfə olaraq “müharibə caniləri”nə qarşı total şəkildə barışmaz mövqenin sərgilənməsi də Azərbaycanın uğurlarından biridir.

Mülki cəmiyyət demokratiyanın təməlidir

2018-ci il 11 aprel tarixində İlham Əliyevin yenidən prezident seçilməsindən sonra yeni idarəetmə fəlsəfəsinə malik olan və menecer-texnokratiyanı təmsil edən kadrların hakimiyyətdə daha çox təmsil olmalarına start verildi. Bu, İlham Əliyevin komandasının siyasi imicinin daha da möhkəmlənməsinə səbəb oldu. Çünki demokratik bir dövlətdə inkişaf perspektivlərinin ən çox ehtiyac duyulduğu sahə düzgün idarəetmə, şəffaflıq və müasir standartlara cavab verən kadrların hakimiyyətin bütün sferalarında təmsil olunmasına bağlıdır. Etiraf etmək gərəkdir ki, daha əvvəllər hakimiyyətdə təmsil olunan bəzi məmurların mənfi əməlləri haqqında yalnız yerli deyil, xarici mətbuatda da Azərbaycanın imicinə zərbə vura biləcək informasiyalar yer alırdı.

Beləliklə, İlham Əliyevin “rəngsiz inqilab”ı:

1. İqtisadiyyatın hər bir sektorunun gəlirli sahəyə çevrilməsi;
2. Artan büdcə gəlirlərinin sosial problemlərin həllinə yönəldilməsi;
3. Elektron hökumət qaydalarına əməl edərək, şəffaflığın həyata keçirilməsi;
4. KİV-lərlə təmasda bürokratik əngəllərin aradan qaldırılması;
5. Qeyri neft sektorunun inkişafı ilə bağlı layihələrə üstünlük verilməsi, iş adamlarına dəstək, fermerlərin aqrar sektorda ön sıralara çıxa bilməsi, yerli milli istehsalın inkişafı, “Azərbaycan brendi”nin beynəlxalq miqyasda gücləndirilməsi;
6. İnsan haqları və ölkədə demokratik təsisatların yeni mərhələyə qədəm qoyması;
7. Regionların inkişafı üzrə konkret layihələrin dəstəklənməsi;
8. Turizmlə yanaşı, turizm sənayesinin inkişafı istiqamətində uğurlu addımların atılması, şəhər və rayonların abadlaşdırılması;
9. Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsi üçün multikulturalizm, dinlərarası dialoq, konfessiyaların sülhməramlı çərçivədə birgə fəaliyyəti;
10. Universitetlərin, orta təhsil və peşə məktəblərinin, mədəniyyət və elm ocaqlarının maddi-texniki bazasının müasir avadanlıqlarla təmin edilməsi;
11. Əhalini demokratik ölkələrdə olduğu kimi, vergilərə cəlb edilməklə “qara bazar” anlayışının aradan qaldırılması və sığorta sektorunun addım-addım inkişafı;
12. Vətəndaşların ötən illərdən fərqli olaraq, maddi gəlirlərinin artması, əmək haqqının və təqaüdlərin artması istiqamətində aparılan islahatlar, müavinətlərin artımı;
13. “Asan Xidmət” modelinin tədricən bütün dövlət aparatını əhatə etməsi və digər sahələrdə əldə olunan uğurlar Azərbaycanın mülki cəmiyyət anlayışı çərçivəsində inkişafına səbəb olubdur.

Qarabağa dönüşün modeli

2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Cəbrayıl rayonunun işğal altında olan Cocuq Mərcanlı kəndi Azərbaycanın silahlı qüvvələri tərəfindən azad olunandan sonra, ötən müddətdə sosial-iqtisadi baxımdan xeyli uğurlar əldə olunub. 20 ildən çox doğma torpaqların həsrətilə yaşayan soydaşlarımız artıq rahat şəkildə Cocuq Mərcanlı kəndində yaşayırlar. 400-dən çox ailə kənd təsərrüfatı, xalçaçılıq, yeyinti sənayesi və digər sahələrdə uğurlar əldə ediblər. Kənddə su, elektrik, qaz, rabitə, səhiyyə və digər sosial problemləri həll olunub. Müasir standartlara cavab verən və yeni kənd həyatını yaşayan Cocuq Mərcanlı kəndindəki quruculuq işləri Qarabağa böyük dönüşün modeli kimi qəbul olunmaqdadır. Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri, dünyanın aparıcı KİV-ləri, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfərləri zamanı Cocuq Mərcanlı kəndini ziyarət edərək bu uğurların əyani şəkildə canlı şahidinə çevrildilər.

Azərbaycanın yaradıcılıq və quruculuq fəlsəfəsi ilə işğal altında olan ərazilərə dönüşün modeli hər kəsin dərin heyrətinə səbəb olub. Bu, həm də ermənilərin uzun illər apardıqları təbliğatlara qarşı ən tutarlı cavab kimi qarşılanıb. 2018-2019-cu illərdə Cocuq Mərcanlı və ətraf kəndlərdə davam edən quruculuq işlərinin miqyası daha da böyümüşdür. Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Televiziyası ilk dəfə olaraq Yaz Bayramı şənliklərini paytaxt Bakıdan deyil, Qarabağdan, Cocuq Mərcanlı kəndindən canlı yayımla bütün dünyaya nümayiş etdirdi. Qarabağ müharibəsi veteranları, dövlət və hökumət nümayəndələri və nüfuzlu elm-sənət xadimlərinin iştirakı ilə keçirilən Bayram Şənlikləri böyük coşqularla qarşılandı. Avropa dövlətlərində, Amerika, Rusiya və digər ölkələrdə yaşayan diaspor nümayəndlərimiz üçün də bu bayram təntənəsi qürur mənbəyinə çevrildi. Cəbhə xətti boyunca ölkəmizin digər bölgələrində də Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlar əldə olunmuşdur. Ağdam, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy, Gədəbəy, Tovuz, Qazax, Daşkəsən və digər bölgələrdə kəndlərarası yolların asfaltlaşdırılması, su və elektrik enerjisinin fasiləsiz təmin edilməsi, kənd təsərrüfatı sektorunun daha da inkişaf etdirilməsi, bir sıra bürokratik əngəllərin aradan qaldırılması, özəl sektora dövlət dəstəyinin verilməsi, heyvandarlığın, pambıqçılığın, meyvə-tərəvəz sektorunun, kiçik istehsal vasitələrinin, ənənəvi xalçaçılıq sənətinin və digər sahələrin inkişafı ölkə vətəndaşlarında Qarabağa böyük dönüşün çox yaxınlarda baş tutacağına inamın yaranmasına səbəb olubdur.

Durumun belə bir məcrada inkişafının digər səbəbi uzun illərdir Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Yevlax və digər şəhərlərdə məskunlaşan məcburi köçkünlərin Qarabağa geri dönmələrinə səbəb olub. Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Goranboy, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilmiş ərazilərində məcburi köçkün ailələrinin geri dönüşü ölkə Prezidentinin uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilir.

Zamanın ritmini vətənin ruhunda birləşdirən lider

İlham Əliyev Prezident kimi apardığı siyasət dünya təcrübəsinə nə qədər əsaslansa da, həm də görülən işlər Azərbaycanın milli dövlət maraqları çərçivəsində süzgəcdən keçlirilərək tətbiq olunur. Beləliklə, idarəetmə fəlsəfəsində “Azərbaycan modeli” yaranıb. Təbii olaraq, bədxahlarımız Prezident İlham Əliyev və onun komandasının apardığı kursu daim qaralamağa çalışırlar. Ancaq zaman kimin daha çox haqlı olduğunu isbat edən ədalətli hakim kimi qərarını da verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Avrovizyon Musiqi Yarışması”nı kölgədə qoymaq, hətta “terror təhlükəsi” ilə təhdid edərək bu beynəlxalq tədbirin baş tutmamasına çalışıldı. Nəticədə bədxahlar uduzdular.

Azərbaycan beynəlxalq miqyasda “Multikulturalizm İli” elan etməklə dünyanın bütün elm və dövlət-ictimai xadimləri Bakıda topladı. Bu nüfuzlu tədbiri pozmaq üçün bəzi çirkli oyunlar oynanıldı. Yenə də uduzan tərəf bədxahların özləri oldu.

Azərbaycan “Avropa Oyunları”na ev sahibliyi etdi. Bədxahlar Azərbaycanda demokratiyanın yoxluğu, təhlükəsizlik tədbirlərinin olmaması haqda, hətta milli mətbəximizi gözdən salmağa çalışan kimi çox iyrənc PR kampaniya apardı. Amma bu təbliğat anındaca əks effekt verdi. Gələn qonaqların mütləq əksəriyyəti ölkəmizdən məmnun ayrıldılar.

Azərbaycan “Beynəlxalq İslam Oyunları”na ev sahibliyi edən zaman bəzi pozuculuq işlərini bədxahlarımızın “qrant” layihələri əsasında həyata keçirmək istəyən qüvvələr peyda oldular. Yenə də uduzan tərəf elə həmin çevrələr oldular.

Azərbaycan neçə ildir beynəlxalq miqyaslı “Formula1” yarışlarına ev sahibliyi edir. Hər il bu yarışlara dünyanın müxtəlif ölkələrindən idmançılar paytaxt Bakıya axışırlar. Bu mötəbər yarışa “kölgə” salmaq istəyənlər dərk etmirlər ki, bütün bunlar Azərbaycanın sadəcə imicinin artırılması üçün deyil, həm də ölkəmizə olan marağın artması üçündür.

Prezident İlham Əliyevin və onun komandasının Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin həyata keçirilməsi, sərgilərin təşkili siyasətinin əsil mənası ölkəmizin dünyada artan imicinin daha da yüksəlməsinə hesablanmış strateji hədəflər deməkdir. Ölkəmiz dünyada nə qədər çox tanınacaqsa, beynəlxalq münasibətlərimiz də bir o qədər inkişaf edəcəkdir. Nəticədə ölkəmizə turizmin axınının güclənməsi, “Azərbaycan brendi” adı ilə dünya bazarına çıxarılan məhsullarımızın satışı milli gəlirlərimizin artması, qeyri neft sekrounun sürətli inkişafı deməkdir. Bunun üçün müasir texnologiyaların standartlarını və innovasiyaları nəinki öyrənmək, həm də bu sahənin daha da inkişaf etdirilməsi üçün zəruri addımlar atılmalıdır. Prezident İlham Əliyev və onun komandasının son bir ildə əldə etdikləri uğurların fəlsəfəsi bundan ibarətdir.

Ə. Yusifoğlu

AzNews.az