Türkiyənin güclənməsindən narahatdırlar Türkiyənin güclənməsindən narahatdırlar

Erməni terror təşkilatları həmişə PKK ilə iç-içə olub - ŞƏRH

Türkiyənin güclənməsindən narahatdırlar

"Erməni terror təşkilatları, başda da ASALA olmaqla, həmişə PKK terror təşkilatı ilə iç-içə olub. Bu gün də Türkiyə dövlətini parçalamağı hədəfləyən PKK terror təşkilatı demək olar ki, ermənilərlə birgə fəaliyyət göstərir".

Bunu AzNews.az-a açıqlamasında politoloq Natiq Miri dedi. O, PKK terror təşkilatının Suriyada erməni taboru yaratmasını şərh edərkən bildirdi ki, PKK üzvlərinin 20 faizi məhz ermənilərdən ibarət terrorçulardan təşkil olunub. Ona görə də bu məsələ o qədər də təəccüblü deyil:

"Sadəcə, indiki məqamda niyə Suriyadakı ermnilərin Türkiyəyə qarşı bu səviyyədə aktivləşdirilməsi ortalığa çıxdı sualı müəyyən qədər maraq doğurub. Təbii ki, bütün bunlar Türkiyənin getdikcə güclənməsinə qarşı atılan adekvat addım kimi dəyərləndirilməlidir. Düşünürəm ki, bu gün bir erməni taboru yaradılırsa və bu tabor PKK-nın Suriya qolu YPG terror təşkilatı çərçivəsində Türkiyəyə qarşı fəaliyyət göstərəcəyini bəyan edirsə, demək ki, bunun arxasında ABŞ-ın xüsusi xidmət orqanları dayanır. Bilirsiniz ki, PKK-nın həm Türkiyədə, həm də Suriyada qolu olan terror təşkilatlarının ən güclü himayəçisi ABŞ-dır. Onun himayəsi, verdiyi silah və güclü logistik dəstək vasitəsilə bu gün Suriyanın demək olar ki, üçdə bir hissəsi kürd PKK terrorçuları tərəfindən işğal olunub.

Burada təkcə Suriya torpaqlarını işğal etmək və oradakı enerji daşıyıcılarını istismar etmək məsələsi hədəf deyil. Əslində, Türkiyə sərhədləri boyunca bir kukla terror dövlətini yaratmaqla bütün Türkiyəni əhatəyə almaq və onu yenidən əvvəlki statusuna qaytarmaq məqsədi güdülür. Yəni Türkiyə gücləndikcə bu gün dırnaqarası Türkiyənin müttəfiqi olan NATO üzrə müttəfiqlər belə ciddi şəkildə əndişə keçirirlər".

N.Miri hesab edir ki, erməni taborunun yaradılması və bunun PKK çərçivəsində fəaliyyət göstərəcəyinin bəyan olunması da Türkiyəyə qarşı təzyiq xarakterli bir addımdır. Lakin bu taborun yaradılması və onun PKK ilə birləşməsi Türkiyə dövləti üçün elə də problem yaradacaq bir məsələ deyil:

"Bu gün Türkiyə güclü bir dövlətdir. Fikir verirsinizsə, nəinki PKK, eyni zamanda, İŞİD və digər terror təşkilatları Türkiyədə nəfəs belə ala bilmir. Hazırda terrorla mübarizə əməliyyatları artıq Türkiyə sərhədlərindən kənarda aparılır. Ona görə də ermənilərin PKK ilə birləşərək Türkiyəyə qarşı fəaliyyət göstərməsi ajiotaj yaratmaq və Türkiyəyə təzyiq göstərmək xarakteri daşıyır. Bu gün təkcə Türkiyə və Türkiyə kənarındakı ərazilərdə deyi, eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarında da PKK və ermənilər iç-içədirlər. Bu da potensial olaraq Azərbaycan üçün təhlükə amilidir. Ona görə də bu məsələyə təkcə Türkiyə çapında yanaşmaq doğru deyil, məsələ Azərbaycan-Türkiyə səviyyəsində qaldırılmalı, beynəlxalq tribunalarda səsləndirilməli və buna qarşı iki qardaş ölkə adekvat addımlar atmalıdır".

Qeyd edək ki, PKK terror təşkilatı Suriyada işğal etdikləri ərazilərdə 1915-ci il hadisələrinin ildönümü ilə bağlı Türkiyəyə qarşı erməni taboru yaradıb. Xarici vətəndaşlar, o cümlədən ermənilərdən ibarət 90 nəfərlik tabora 2017-ci ildə ölən erməni terrorçusu Nubar Ozanyanın adı verilib.

Elgün
AzNews.az