Bunlar yolverilməzdir və milli davamıza xəyanətdir - Hikmət Babaoğlu

Milli maraqlarımızın təmini üçün atılan addımlar antiazərbaycançı mərkəzləri narahat edir

"Özünü azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdırlar, çünki Azərbaycan Prezdentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşıdır".

Bunu mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün Azərbaycan əleyhinə aksiya keçirməsini AzNews.az-a şərh edərkən millət vəkili, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu dedi.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşdü. Hər iki görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi:

"Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar antiazərbaycançı mərkəzləri narahat edir və təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər. Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təəssüf ki vətəndaşlıq məsuliyyəti və milli təəssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər".

H.Babaoğlu vurğuladı ki, bunlar yolverilməzdir, milli davamıza, Qarabağ davamıza xəyanətdir. Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları belə yoxdur.

"Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hansı bir addım atmamalıyıq" - deyə, millət vəkili qeyd etdi.

Elgün
AzNews.az