"Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır” "Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır”

Elçibəyin Surət Hüseynovla bağlı tapşırığı niyə yerinə yetirilməyib? - Oqtay Qasımovdan sərt açıqlama

"Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır”

Xəbər verdiyimiz kimi, Əbülfəz Elçibəy iqtidarında Baş nazir postunu tutan Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb.

Sənədin sonuncu bəndində Elçibəyin sabiq Baş nazir, korpus komandiri Surət Hüseynovla bağlı göstərişi diqqət çəkir:

Protokoldan görünür ki, Elçibəyin konkret tapşırığı belə olub:

“Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir. Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxsi doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirlməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır”.

Onun bu tapşırığının həyata keçirilməməsi və sonrakı siyası proseslər prezidentin göstərişinə nədən əməl olunmadığı haqda sual doğurur.

AzNews.az mövzu ilə bağlı mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovun fikirlərini öyrənib.

O.Qasımov açıqlamasında bunu bir sıra səbəblərlə əlaqələndirdi:

“Məsələ bundadır ki, indiyə qədər Azərbaycan cəmiyyətində belə bir fikir formalaşmışdı ki, guya Əbülfəz Elçibəyin dövlət işlərindən xəbəri olmayıb, baş verən hadisələri bilməyib. Kimlərsə elə o zaman istədiyi kimi hərəkətlər, özbaşınalıqlar edib".

Əbülfəz Elçibəyin köməkçisi sənədi yaydığına görə Pənah bəyə təşəkkürünü bildirdi:

"Çünki sənəd yayımlandıqdan sonra cəmiyyət görür ki, Elçibəy hər şeydən ətraflı şəkildə məlumatlı imiş. Onun konkret məsələlərlə, o cümlədən Surət Hüseyovla bağlı mövqeyi və tapşırıqları olub. Potokoldan da göründüyü kimi Elçibəyin prezident kimi Gəncədəki 709-cu hərbi hissə, S.Hüseynov və onun ətrafına toplaşmış o zaman dövlətə qarşı çıxış edən hərbi birlik adlanan cinayətkar qruplaşma haqqında da mövqeyi konkret olub. Sadəcə, o zaman həmin məsələni həll etməli olan güc strukturlarının nümayəndələrinin bir qisminin təcrübəsizliyi, səriştəsizliyi, cərarətsizliyi, bir qisminin isə xəyanəti prezidentin göstərişlərinin həyata keçirilməməsi ilə nəticələnib".

Oqtay Qasımov S. Hüseynovun və həmin dəstənin arxasında Rusiya hərbi kəşfiyyatının durduğunu vurğuladı:

"Gəncədə baş verən qiyamı Rusiya planlaşdırmışdı və həyata keçirirdi. S.Hüseynov sadəcə Moskvanın planladığı bu prosesdə ona aid rolu oynayırdı”.

Xəyalə

AzNews.az