Meydan TV-də işə qəbul elanını erməni yerləşdirib?

Bu xəbər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub və sürətlə yayılıb

Həbib Müntəzir: “Saytın keçidini hansısa erməni hər hansısa məqsədlə yayırsa.... biz məsuliyyət daşımırıq”

Yeganə Hacıyeva: “Əcaba bu şəxs bir milliona yaxın Azərbaycan Facebook istifadəçisi içində mənim bunu yazdığımı bu qısa müddətdə necə öyrəndi?”

Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi ekspert Yeganə Hacıyeva sosial şəbəkədəki statusunda Meydan TV-nin erməni əsilli CEO-su olduğunu iddia edib. Onnik Krikoryan adlı şəxsin sosial şəbəkədəki iş elanını screen-şot edən ekspert onu şəbəkə istifadəçiləri ilə paylaşıb. Həmin iş elanında göstərilir ki, Meydan TV-nin Tiflis bürosuna müxbir axtarılır. Bunun üçün şərt olaraq ingilis, Azərbaycan dilləri, habelə rus, türk dillərini bilmək irəli sürülüb.

Bu xəbər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub və sürətlə yayılıb. Bir çox adamlar bu xəbərin yanlış olduğunu yazaraq, əslində Meydan TV-nin CEO-sunun tacik əsilli Zarona adlı qadın olduğunu bildiriblər. Amma müzakirələrdə Meydan TV rəhbərliyini ermənilərlə işbirliyində ittiham edənlər də olub.

Bu xəbərin yayılmasından qısa müddət sonra Meydan TV rəhbərliyində təmsil olunan, Almaniyada yaşayan Həbib Müntəzir buna aydınlıq gətirib. O, sosial şəbəkədəki statusunda bildirib ki, sözügedən şəxsin özü britaniyalı, soyadı ermənidir. Onun yazdığına görə, həmin jurnalistin atdığı linkə görə ermənilərlə işləməkdə ittiham olunurlar: “Halbuki bizdə hazırda erməni jurnalist işləmir. Ümumiyyətlə etnik düşmənçilik və faşizm qəbulolunmazdır. Lakin saytın keçidini hansısa erməni, kürd, ingilis, amerikan, ərəb, türk hər hansısa məqsədlə yayır və istifadə edirsə buna görə biz məsuliyyət daşımırıq axı”.

Y.Hacıyeva isə mövzunu davam etdirib. Son olaraq yazdığı statusda Y.Hacıyeva bildirib ki, Meydan TV də vakansiya haqqında yazdığı statusun, yəni saytın özünü tağlayaraq etdiyi paylaşımın altında , haqqında CEO yazdığım şəxs 10 dəqiqə sonra CEO olmadığını yazıb: “Əcaba bu şəxs bir milliona yaxın Azərbaycan Facebook istifadəçisi içində mənim bunu yazdığımı bu qısa müddətdə necə öyrəndi ?! Yoxsa Meydan TV nin facebook səhifəsinin idarə edənlərdən biridir ?!”(musavat.com)

AzNews.az