Bu ərazidə 200-ə yaxın minik avtomobilinin dayanması mümkündür Bu ərazidə 200-ə yaxın minik avtomobilinin dayanması mümkündür

Əli Kərimlinin 65 qəpik yolpulu davası - Lökbatan stadionu haqda bütün bilgilər

Bu ərazidə 200-ə yaxın minik avtomobilinin dayanması mümkündür

AXCP və Milli Şura sentyabrın 28-də keçirməyi planlaşdırdığı mitinqdən imtina etdilər. Səbəb kimi də Bakı Şəhər İcra Hakimiyyətinin Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında (qısaca, Lökbatan stadionu deyək) yer ayırmasını göstərdilər. Yəni mitinq yerini uzaq hesab edərək belə qərar verdilər. Milli Şura müraciətində “28 May” metrostansiyasını, Nərimanov parkını və Tofiq Bəhramov adına stadionunun qarşısını qeyd etmişdi.

BŞİH-nin yerlə bağlı rəsmi cavabından sonra isə AXCP sədri Əli Kərimli bildirmişdi ki, həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə ediblər: “Lökbatanda, və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik. Lökbatanda mitinq keçirmək təklifini əslində mitinqə “yox” demək kimi qiymətləndiririk. Aydındır ki, bu şəraitdə 28 sentyabr mitinqini keçirmək alınmayacaq. Ancaq belə də davam edə bilməz. Etiraz aksiyaları keçirilməlidir və keçiriləcək”.

Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov isə məsələ ilə bağlı münasibətində aşağıdakıları söyləyib: “Əli Kərimli nə qədər adamı var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtı ilə həmin stadionda mitinqlər keçirmişik”.

“Bəs, müxalifətin mitinq keçirmək istəmədiyi Lökbatan stadionuna nə qədər zamana, hansı marşrutlarla getmək olar” sualına cavab tapmaq üçün əraziyə yollandıq.

Əvvəlcə qeyd edək ki, Lökbatana Bakının mərkəzindən bir neçə istiqamət üzrə getmək mümkündür. Belə ki, metronun “28 May” stansiyasının yanından 125 nömrəli avtobusla “Binə” ticarət mərkəzinə yollanıb, oradan isə 124 nömrəli avtobusdan istifadə etməklə, stadiona getmək olar. Bu marşrut üzrə hərəkət 1 saat 20 dəqiqənizi alacaq və 65 qəpiyə başa gələcək. Metronun “20 Yanvar” stansiyasından 211 nömrəli avtobusla “Sədərək” ticarət mərkəzinə gedib, oradan 126 nömrəli avtobusdan istifadə etməklə, stadiona yol almaq olar. Bu marşrut xətti üzrə hərəkət 1 saata başa gələcək və 80 qəpik ödəməli olacaqsınız. Bundan əlavə, metronun “20 Yanvar” stansiyasının qarşısından stadiona 1 manatlıq (bəzi hallarda 2 manata da aparırlar) taksilər də işləyir ki, onlarla 20-25 dəqiqəyə əraziyə çatmaq mümkündür. Həmçinin, “28 May” metrosundan da bu cür taksilər işləyir və 35 dəqiqəyə ( 21 kilometr) əraziyə çata bilir.

Bütün bunlarla yanaşı “Binə” və “Sədərək” ticarət mərkəzlərinə işləyən bütün 1 manatlıq taksilər, marşrutlardan istifadə edib, sonradan isə Lökbatan avtobusuna minərək, əraziyə getmək olar. Əgər mitinqə getmək istəyən adam öz şəxsi avtomobilindən istifadə edəcəksə, bunun üçün də stadionun qarşısında dayanması üçün şərait mövcuddur.

Belə ki, ərazidə olduğumuz zaman müşahidə etdik ki, stadionun qarşısında avtomobili park etmək üçün böyük ərazi var. Bu ərazidə 200-ə yaxın minik avtomobilinin dayanması mümkündür. Minik avtomobili ilə əgər tıxac yoxdursa, şəhərin mərkəzindən stadiona 20-25 dəqiqəyə çatmaq olar.

Müşahidə etdik ki, stadionda ciddi təhlükəsizlik tədbirləri də görülüb. Belə ki, girişdə mühafizəçi ilə yanaşı, təhlükəsizlik kameraları da quraşdırılıb. Bundan əlavə, stadion ərazisində əlavə təhlükəsizlik kameraları da mövcuddur. Təlim idman bazasının həyətində ümumilikdə 3 stadion mövcuddur. Mitinq üçün təklif edilən stadionun ümumi eni 100 metr, uzunu isə 200 metrdir. Bu ərazidən başqa kənarlarda oturacaqlar da mövcuddur ki, mitinq iştirakçıları oraya da keçə bilərlər. Təlim bazasının ümumi ərazisi isə daha genişdir. Bir girişli olsa da, geniş darvazasının olduğunu müşahidə etdik. Eyni zamanda, təlim idman bazasının həyətində xeyli sayda oturacaqlar, sanitar qovşaqları, insanların gəzməsi, qaçması üçün geniş ərazi də yaradılıb. Biz orada olduğumuz zaman insanların ərazidə gəzib, idman, istirahət etdiklərinin şahidi olduq. Həmçinin stadionlarda da futbol məşqləri gedirdi.

Söhbət etdiyimiz Lökbatan sakinləri bildirdilər ki, bu stadionda indiyə qədər bəzi tədbirlər həyata keçirilib. Sakin Əbülfəz Musayev aşağıdakıları söylədi: “Stadionda vaxtilə elə Yeni Azərbaycan Partiyasının da mitinqləri olub. Bundan başqa konsert proqramları, futbol oyunlar da təşkil edilir. Biz Lökbatana gəlib-getməyə çətinlik çəkmirik. Bəlkə də bu, öyrəşməyimizlə əlaqədardır. Hər gün 1 manatlıq taksi ilə metronun “20 Yanvar” stansiyasının yanına gedib, oradan da Xırdalana işə gedirəm. Burada yaşayan əksər əhali iş yerindən asılı olaraq ya şəhərin mərkəzinə, ya da mənim hərəkət etdiyim marşrut üzrə gedirlər. Lökbatana bir neçə giriş mövcuddur. Məsələn, Salyan şosesi istiqamətindən, Badamdar tərəfdən və Qobudan keçməklə bura gəlmək mümkündür. Hansısa tədbir olan zaman yollar yüklənməyəcək. 3 istiqamət üzrə hərəkət etməklə, yollarda tıxacın da qarışını almaq olar”.

Stadion Lökbatan bazarının yaxınlığında yerləşir. Ətrafında kifayət qədər mağaza, insan axını mövcuddur. Sakinlər bildirdilər ki, mitinqlə bağlı gedən söhbətlərdən xəbərləri var. Sakin Əhməd Məmmədov bildirdi ki, əslində mitinq üçün ən uyğun yerlərdən biri də bu stadiondur: “Çünki bura ticarət mərkəzlərinə yaxın ərazidir. Əgər bu adamlar narazı külə axtarırlarsa, alver edən, çətin vəziyyətdə olan adamların çoxu bu əraziyə yaxın yerlərdə yaşayır. İkincisi də ərazi düz bazarın yaxınlığında yerləşir. Elə bazara gələn camaat maraq üçün stadiona yığışsaydı, ayaq basmağa yer olmayacaqdı. Onsuz da tədbir oldu-olmadı hər axşam stadionda xeyli adam olur. İdman edənlər, qaçanlar, uşağını gəzdirənlər, ayağında problem olduğu üçün gəzmək istəyənlər, velosiped sürməyə yer axtaranlar, hava almaq istəyənlər-bir sözlə xeyli insan buradan istifadə edir”.

Onun da qeyd edək ki, stadionun sahəsi müxalifətin əvvəllər mitinqlər keçirdiyi “Məhsul” stadionunun ümumu sahəsindən böyükdür. (“Yeni Müsavat”)