ABŞ-ın qərarı terrora dəstək kimi qiymətləndirilməlidir ABŞ-ın qərarı terrora dəstək kimi qiymətləndirilməlidir

Tramp “erməni soyqırımı”na veto qoyacaq – Politoloq

ABŞ-ın qərarı terrora dəstək kimi qiymətləndirilməlidir

ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qərarı şübhəsiz ki, siyasi qərardır və heç bir hüquqi əsası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamsında politoloq Elçin Mirzəbəyli ABŞ Senatının “erməni soyqırımı” ilə bağı qətnaməsi haqqında danışarkən deyib. O bildirib ki, bu qətnamənin qəbul edilmə səbəblərindən biri də Türkiyənin Rusiya ilə əməkdaşlığıdır:

“Əslində bu qərar gözlənilən idi. Çünki bundan əvvəl Nümayəndələr Palatası qondarma soyqırımın tanınması ilə bağlı sənədi Senata təqdim etdikdən sonra hər dəfə respublikaçı senator, ümumilikdə isə 3 senator qərarın təsdiqlənməsinə veto qoymuşdu. Amma son hadisələrdən sonra bəlli idi ki, növbəti dəfə qərar qəbul ediləcək. Nəzərinizə çatdırım ki, Senatın 100 üzvündən 53 nəfəri respublikaçı, 45 nəfəri demokrat, 2-si isə bitərəfdir. Bu isə o deməkdir ki, qondarma soyqırımla bağlı məsələdə respublikaçılar və demokratlar, hətta daha öncə veto hüququndan istifadə edən hakim partiyanın nümayəndələri eyni mövqedən çıxış ediblər. Bu isə ortalıqda vahid siyasi qərarın olduğunu göstərir. Lakin şübhəsiz ki, bu “qanun”un heç bir hüquqi əhəmiyyəti yoxdur. Buna görə də Türkiyə bu ittihamları qəbul etmirsə, heç kim ona bunu zorla qəbul elətdirə bilməz”.

Politoloq sözlərinə görə, ABŞ-ın qərarı terrora dəstək kimi qiymətləndirilməlidir:

“Ankarada bir-birini əvəz edən hakimiyyətlər uzun illərdir terrora qarşı ölkə daxilində və xaricində mübarizə aparır. Təbii ki, Türkiyənin bölgədə güc sahibi olması böyük gücləri ciddi şəkildə narahat edir. Çünki Türkiyənin güclənməsi terrorçuların zəifləməsi və məhv olmasıdır. Bu da təbii ki, terroru dəstəkləyən şəxsləri, gücləri birbaşa narahat edən bir məslədir. Bu baxımdan hesab edirəm ki, bu qərar terrora dəstək kimi qəbul edilməlidir”.

E.Mirzəbəyli bildirib ki, ABŞ Senatının addımı erməni məsələsinin bütövlükdə qondarma olduğunu təsdiqləyir:

“Ötən əsrdə Birinci Dünya müharibəsindən sonra heç bir əsası olmadan Ermənistanın yaradılmasının məqsədi indi daha aydın görünür. Güclər Ermənistanı həm də ona görə qurub dəstəkləyirlər ki, ondan alət kimi Türkiyəyə qarşı istifadə etsinlər. Çünki Türkiyə Osmanlının yerində qurulan demokratik dövlətdir. Belə bir dövlətin varlığı isə bəzilərinin işinə yaramır”.

Politoloqun sözlərinə görə, Donald Tramp sözügedən qərara veto qoyacaq:

“Trampın tam hüququ var ki, bu qərara veto qoysun. Hesab edirəm ki, ABŞ Prezidenti bu hüququndan istifadə edəcək. Çünki Tramp istəmir ki, Türkiyə ilə əlaqələr tamamilə pozulsun. Fikrimcə, o, yaxşı başa düşür ki, Ankara ilə əlaqələrin pozulması ABŞ-a yaxşı heç nə verməyəcək. Bu baxımdan hesab edirəm ki, Tramp Senatın qəbul etdiyi qərara veto qoyacaq”.

AzNews.az