Qoşulmama Hərəkatı: "Qondarma "DQR"-dəki seçkilər qanunsuzdur"

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər” ilə bağlı açıqlama ilə çıxış edib.

Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib.

Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatı üzv ölkələri bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və onları qanunsuz hesab etdiklərini ifadə edib.

Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə və Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.