"Dövlətin lideri üçün onun xalqının iradəsindən üstün heç nə yoxdur" "Dövlətin lideri üçün onun xalqının iradəsindən üstün heç nə yoxdur"

Azərbaycan Prezidentinin nitqi həm siyasətçilər, həm də cəmiyyət üçün bir tarix dərsidir

"Dövlətin lideri üçün onun xalqının iradəsindən üstün heç nə yoxdur"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Respublika Günündə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak ediblər. “Qobu Park-1”, “Qobu Park-2” və yeni istifadəyə verilən “Qobu Park-3” yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Görülən işlər dövlət siyasətinin əsasında insansevərliyin, vətəndaş məmnunluğunun durduğunu bir daha ortaya qoyur.

AzNews.az bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.

Deputat deyib: “Kompleksin açılışında diqqətimi cəlb edən əsas üç məqama toxunmaq istəyirəm. Birincisi, ilk dəfə idi ki, məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksinin istifadəyə verilməsi ilə yanaşı, iş yerlərinin də açılması təmin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yaradılan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanasında bir tərəfdən 70 məcburi köçkün işlə təmin ediləcək, digər tərəfdən də bu, Qarabağın maddi-mədəni irsinin qorunması baxımından çox önəmlidir. Burada doğma Qarabağımıza aid xalça, zərgərlik nümunələri hazırlanacaq. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq ki, bu da həm gəlir, həm də təbliğat deməkdir. Bundan başqa, biznes layihəsi çərçivəsində yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq.

Müsahibimizin sözlərinə görə, ikinci diqqətçəkən məqam “Paşa Holding” şirkətinin fəaliyyəti və gördüyü işlərlə bağlıdır. Belə ki, “Qobu-3” bu şirkətin məcburi köçkünlər üçün tikib istifadəyə verdiyi üçüncü yaşayış kompleksidir. Biz koronavirus pandemiyası dövründə “Paşa Holding” şirkətinin sosial məsuliyyət hissinin nə qədər yüksək olduğunu gördük. Məcburi köçkünlərimizin mənzillərlə təmin olunmasında da biz bunu görürük və burada ən önəmlisi odur ki, ölkənin digər şirkətləri də bu nəcib təşəbbüsünə qoşularaq məcburi köçkünlər üçün yaşayış binalarının inşasına başlayıblar və artıq iki binanın tikintisi gedir.

“Nəhayət, üçüncü məqam ondan ibarətdir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə və pandemiya ilə əlaqədar iqtisadi böhranına baxmayaraq dövlətimiz vətəndaşların sosial rifahının və şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Baxsaq görərik ki, ötən il 5 min ailə mənzillə təmin olunduğu halda, bu il onların sayı təqribən 7-8 mini əhatə edəcək. Bu isə o deməkdir ki, 2008, 2015-ci illərdə - çətin böhran illərində olduğu kimi Azərbaycan hökuməti sosial sahədə heç bir ixtisara, qənaətə getmir və əksinə, həssas qrupdan olan vətəndaşların məmnunluğunun təmin edilməsi üçün səylərini daha da artırır”, - deyə S.Alıyev vurğulayıb. Deputat onu da bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşmasında Heydər Əliyev Fondunun, Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolu var. Məhz onun təşəbbüsü ilə salınmış və hər cür sosial infrastrukturu olan, keyfiyyəti ilə seçilən yeni şəhərciklərdə ümumilikdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu, nə qədər insanın, uşağın, gəncin sevinci deməkdir!

Sahib Alyev məcburi köçkünlər görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin “əgər o vaxt Heydər Əliyev hakimiyyətdə olsaydı, bir qarış torpaq da düşmən tərəfindən işğal edilə bilməzdi fikrinə də toxunub. O, dövlət başçısının bu yanaşmasında tam haqlı olduğunu vurğulamaqla yanaşı qeyd edib ki, 1987-ci ilin noyabrında Heydər Əliyev Siyasi Büronun üzvlüyündən istefa verəndə haylar bunu bayram edirdilər və sevinirdilər ki, məkrli məqsədləri üçün yolları açılıb. Bu hadisədən heç bir il keçməmiş azərbaycanlılar Ermənistandan qovuldular. Və daha sonra Qarabağda da oxşar proseslər baş verdi, yüz minlərlə soydaşımız yurd yerlərindən didərgin salındılar. Azərbaycanı arxasız görənlər üçün fürsət yaranmışdı çünki.

Sahib Alıyev deyib: “Tarixin onun dərslərindən nəticə çıxaranları mükafatlandırmaq, nəticə çıxarmayanları isə cəzalandırmaq kimi bir xüsusiyyəti var. Təəssüflə qeyd etməliyəm ki, xalqımız məhz ikincilərin sırasındadır. Məhz ikincilərin sırasında yer aldığımıza görə də ötən əsrin əvvəllərində qurduğumuz Azərbaycan Xalq Cümhuriyyəti iki yaşı tamam olmamış süqut etdi. Həmin dövrdə də torpaq itkisi ilə qarşılaşdıq, İrəvanı ermənilərə verməli olduq. Halbuki rus imperiyasına ən gec tabe olan məhz İrəvan xanlığı idi. Bu itkilərdən dərs götürmədik deyə ötən əsrin sonlarında yenidən müstəqillik qazananda Qarabağın işğalı ilə üzləşdik. Prezident İlham Əliyev nitqində bu mühüm məsələlərə toxundu. Haqlı olaraq bildirdi ki, o zaman İrəvanın Ermənistana verilməsini heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz. Cənab Prezidentin məcburi köçkünlərlə görüşdə dediklərindən cəmiyyətin, xüsusilə də siyasətçilərin çıxarmalı olduğu əsas dərs, fikrimcə, bu, olmalıdır ki, dövlətin başında duran şəxs xalqın iradəsi xaricində, başqa heç bir qüvvənin təzyiqi ilə vəzifəsini tərk etməməli, milli maraqlardan bir addım da belə geri çəkilməməli, torpaq güzəştinə getməməli, içdiyi anda sadiq qalmalı, lazım gələrsə, onun üçün canından keçməlidir.

Bir sözlə, dövlətin rəhbəri savadlı, səriştəli, qətiyyətli, cəsarətli olmalıdır. Dövlətin lideri üçün onun xalqının iradəsindən üstün heç nə yoxdur. Prezident İlham Əliyev məhz bu keyfiyyətləri özündə daşıyır.

Biz bir məqamı unutmamalıyıq, Azərbaycanda çox xanlar çox olub və onların bir çoxu var-dövlətdə Cavad xanı kölgədə qoyublar. Ancaq bu gün ən çox adı rəhmətlə anılan, örnək kimi göstərilən məhz əlinə silah alıb doğma torpağı qoruyaraq şəhid olan Cavad xandır”.

Deputat Prezidentimizin “Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik” fikrini şərh edərkən bunları bildirdi: Dövlətimizin başçısı bununla onu diqqətə çatdırır ki, bu elə bir həll variantı olacaq ki, ondan sonra daha güc mərkəzləri haylardan bizə qarşı təzyiq aləti kimi faydalana bilməyəcəklər. Problemin necə və nə vaxt çözülməsinə gəldikdə isə Prezidentimiz dedi, geosiyasi vəziyyət buna imkan verdiyi an biz bunu birinci gücümüzə, sonra da beynəlxalq mövqelərimizə və beynəlxalq normalara dayanaraq çözəcəyik. Beləliklə, məcburi köçkünlərimizlə bu söhbəti bir daha göstərdi ki, dövlətimizin başçısı işğal altındakı torpaqlarımızın xiffətini yurd yerlərini itirənlərimizdən heç də az çəkmir və o torpaqların qaytarılmasını özünün ən böyük tarixi missiyası kimi görür.