“Biz, qonşu İranla İsrail arasında vasitəçiliyimizi təklif etməliyik” “Biz, qonşu İranla İsrail arasında vasitəçiliyimizi təklif etməliyik”

"İsraildə Azərbaycanın səfirliyinin açılmasına çox ciddi ehtiyac var"

“Biz, qonşu İranla İsrail arasında vasitəçiliyimizi təklif etməliyik”

“Çox təəssüf ki, biz Əfqanıstanda sabitliyin olmadığını müşahidə edirik. Orada Azərbaycan sülhməramlıları da var. Uzun illərdir orada vətəndaş birliyinə nail olmaq mümkün deyil. Bir çox hallarda biz görürük ki, xarici diplomatlar da törədilən terror aktlarının qurbanı olurlar”.

AzNews.az bildirir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, biz orada səfirlik açmaqla müəyyən mənada diplomatların və onların ailə üzvlərinin həyatlarını risk altına qoymuş olacağıq:

“Amma hökumət hesab edirsə ki, bizim dost və qardaş Əfqanıstanda səfirliyimizin açılmasına etiyac var, şəxsən mən buna səs verəcəyəm. Amma hörmətli deputat həmkarın Fəzail Ağamalının təkliflərini dəstəkləyirəm. Artıq bir çox ərəb ölkələri İsraillə əlaqələrini qaydaya salır. Orada səfirliklər açır, diplomatik əlaqələr qururlar. Fəzail müəllimin dediklərini əlavə etmək istəyirəm ki, Ermənistan orada məhkəmə iddiası qaldırmışdı ki, Azərbaycana silah satılmasın. Amma İsrail məhkəməsi bunu rədd elədi. Bildirdi ki, Azərbaycan torpaqları işğal olunmuş və özünü müdafiə edən dövlət olduğuna görə, ona silah satışına heç bir məhdudiyyət qoyula bilməz. Bu gün mətbuatdan oxuyuruq və diplomatik kanallarla müəyyən informasiyalar sızır ki, Azərbaycanın da rolu ilə qardaş Türkiyə ilə İsrail arasında münasibətlər tənzimlənir. Biz buna çox sevinirik. Vaxtilə Türkiyə ilə Rusiya münasibətlərini də tənzimlənməsində Azərbaycan Prezidentinin böyük rolu olmuşdu və xalqımız bunu çox böyük rəğbətlə qarşılamışdı. Mən hesab edirəm ki, indi də biz, qonşu ölkə olan İranla İsrail arasında vasitəçiliyimizi təklif etməliyik. Necə ki İran bizə öz vasitəçilik missiyasını təklif etmişdi ki, Ermənistanla bizim aramızda sülh yaranmasında vasitəçi kimi iştirak eləsin. Mən həqiqətən də hesab edirəm ki, İsraildə Azərbaycanın səfirliyinin açılmasına çox ciddi ehtiyac var. İsrailin lobbi təşkilatları, diasporu Qərbdə, Amerika Birləşmiş Ştatlarında bizə çox dəstək verir. Biz bunu çox yüsək qiymətləndiririk. Azərbaycan da hər zaman bu dostluğu çox yüksək qiymətləndirib. Ona görə də, bizim həmin ölkədə səfirliymizin açılmasına böyük ehtiyac var.
Sahibə xanım, ümid edirəm ki, siz də millət vəkillərinin bu fikirlərini bizim icra hakimiyyəti orqanlarına çatdırasınız. Biz, 2021-ci ildə İsraildə səfirliymizin açılmasına nail olacağıq”.