Taleh Şahsuvarlı: "Azərbaycan Qarabağda qış fəslindən yaxşı çıxdı" Taleh Şahsuvarlı: "Azərbaycan Qarabağda qış fəslindən yaxşı çıxdı"

Siyasi analitik Qarabağla bağlı 7 bənd sadaladı

Taleh Şahsuvarlı: "Azərbaycan Qarabağda qış fəslindən yaxşı çıxdı"

"Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə dövlət və cəmiyyət olaraq üzərimizə düşən ciddi vəzifələr var".

Bu barədə AzNews.az analitik-informasiya portalının baş redaktoru, siyasi təhlilçi Taleh Şahsuvarlı Feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb. Siyasi analitikin həmin statusunu təqdim edirik.

"Azərbaycan II Qarabağ savaşında qalib gəlmiş, Ermənistanı məğlubiyyət bəyanatına imza atmağa vadar etmiş dövlət olaraq QIŞ fəslindən hərbi, diplomatik və siyasi baxımdan yaxşı çıxdı.

Bu, olduqca kritik mərhələ idi.

Əsgələrimiz, zabitlərimiz infrostrukturu olmayan, iqlim şərtləri ağır yerlərdə xidmət aparırdılar. Diplomatik masada qələbəmizdən sonra "narahatçılıq" ovqatı ilə Azərbaycana qarşı edilən həmlələr zərərsizləşdirilməli idi. İç siyasətdə konsensus mühiti yaratmaq və milli həmrəyliyi maksimum qorumaq lazım idi. Bütün bunlara bir dövlət və cəmiyyət olaraq böyük ölçüdə nail olduq.

İndi qarşıdan YAZ və YAY gəlir. Bu, digər parametrlər baxımından da yeni tendensiyalar deməkdir. Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə dövlət və cəmiyyət olaraq üzərimizə düşən ciddi vəzifələr var:

1) Ermənistanla sərhəd tam dəqiqləşməli, məftillənməli və qorunmalıdır.

2) Ermənistan 10 noyabr bəyanatında nəzərdə tutulan müddəaları tam, hərtərəfli və uzatmadan yerinə yetirməlidir. Yeri gəlmişkən, məcburi köçkünlərin öz yurdlarına qayıtması da elə bu müddəalar sırasındadır.

3) "Dağlıq Qarabağ Respublikası" adlandırılan hərbi xunta tam ləğv olmalı, Xankəndi və ətrafında Azərbaycan qanunları işləməli, Azərbaycanın inzibati-siyasi sistemi bərqərar edilməli, etnik ermənilər Azərbaycan pasportu daşımalı, Azərbaycandan sosial müavinətlər almalı, Azərbaycan pulu ilə mübadilə etməlidirlər.

4) Azərbaycan istər Rusiyadan, istər Fransadan, istərsə də başqa bir dövlətdən alınan silahlarla Ermənistan ordusunun yenidən mobilləşdirilməsinə mane olmalıdır.

5) Azərbaycanda mövcud olan sülhməramlılarının statusu xüsusi bir qanunla müəyyən edilməlidir.

6) Ermənistan Sülh müqaviləsi imzalamalı, Azərbaycanın dövlət müstəqilliyini və sərhədlərini RƏSMƏN tanımalı (qarşılıqlı olaraq eyni addımı biz də atmalıyıq) və əməkdaşlıq istiqamətində digər sazişlər imzalanmalıdır.

7) Azərbaycan Respublikası bir dövlət olaraq İDARƏÇİLİK SİSTEMİni TAMAMİLƏ YENİDƏN QURMALIDIR. İSLAHATLAR SÜRƏTLƏ APARILMALI, ÇEVİK VƏ PRİNSİPİAL QƏRARLAR QƏBUL EDİLMƏLİDİR. Bu, daha öncəki bəndlərdə nəzərdə tutulan işlərin görülməsi üçün ƏN VACİB şərtdir.

Mən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu sınaqlardan da ZƏFƏRlə çıxacağımıza əminəm.

AzNews.az