Harada hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun! Harada hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun!

Reytinq alqoritmi - Natiq СƏFƏRLİ YAZIR

Harada hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun!

Siyasi təşkilat, siyasətçilər üçün reytinq önəmli məsələdir, cəmiyyətdə tanınmaq, qəbul görmək, yadda qalmaq – bunlar vacib elementlərdir. Amma Azərbaycan reallığında, ideoloji toplumun olmadığı bir məmləkətdə reytinqlə bağlı da bir neçə yanlışlıqlar və səhv təsəvvürlər var:
1) Haminin xoşuna gəlməyə çalışmaq – Harada hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun, boş, mənasız, populis insandır, eləsindən nə cəmiyyətə, nə dövlətə xeyir gəlməz. Belələri səmimi olmurlar, siyasi və ictimai gündəmə görə davranırlar, əsl simalarını gizlətməyə çalışırlar,
2) Gündəmin dalınca qaçmaq daha asandır, reytinq üçün qaçanlar daha çox olur. Siyasətçinin işi isə həm də gündəm yaratmaqdır, mövzular açmaqdır, bəzən çətin mövzulara toxunmaqdır. Məmləkətdə belə yanaşma populyar deyi - əksəriyyət gündəmin dalınca sürünürlər, hakimiyyətin əlində olan imkanları nəzərə alsaq, çox zaman elə gündəmi onlar diktə edir, digərləri də həmin diktə olunan gündəmə uyğun populizmlə məşğul olurlar. Əsas hədəf hakimiyyəti öz gündəminə çəkmək, öz mövzularına reaksiya verməyə məcbur etməkdir. Bu daha çətin yoldur, ağırdır, populyar deyil, amma lazımdır, vacibdir,
3) Cəmiyyətin siyasi “yaddaşı” qısadır, ona görə də topluma bəzi adamları təkrar-təkrar “sırıyırlar”, müvəqqəti olsa da, həmin populistlər qısa zaman kəsimində müxtəlif üsullarla reklam edilərək önə çıxarıla bilirlər. Amma elələrinin əksəriyyətinin içi boşdur deyə, tez yanıb, tez də sönürlər,
4) Bəzi partiya sədr və nümayəndələri elə bilirlər ki, daim reytinqi yuxarıda saxlamaq üçün çalışmaq lazımdır, bunun üçün populist, mənasız, altı-astarı, izahı olmayan, heç bir elmi, hesablanmış alternativləri göstərmədən sadəcə səs-küylə üzdə qalmağa, reytinq toplamağa çalışırlar. Gülməli və iyrənc mənzərə alınır, məsələn, biri çıxıb deyir ki, ölkədə uşaq pulu (ağrılı və həll olunmalı məsələdir) 300 manat, minimum maaş 400 manat, minimum təqaüd 500 manat olmalıdır (rəqəmlər şərtidir, yanaşmanı göstərməyə çalışıram) – cəmiyyətin bir kəsmi də həmən ekstaza düşür, alqışlayır, amma kimsə elə deyənlərin yaxasından yapışmır ki, bəs “nə ilə Alış”, bunu necə etmək olar? Ölkədə 18 yaşına qədər 2,7 mln. nəfər yaşayır, bunlara 300 manat verəndə nə qədər vəsait lazımdır (ilə 10 mlrd. manata yaxın edir), bunun mənbəyi nədir, bəs 1,3 mln. təqaüdçünün 900 minə yaxını minimum, ya da ona yaxın təqaüd alır, onların təqaüdünü 500 manat etsək, buna nə qədər vəsait lazımdır, bu vəsaitin mənbəəyi hardan olmalıdır – bu sualların cavabı, təbii ki, yoxdur. Elə populistcəsinə “pülə”, camaat da ləzzət alsın, belə siyasət, belə reytinq olmur,
5) Və ya, bəziləri çıxır və deyir ki, məmurları “şaqqalamaq” lazımdı, əllərindən hər şeyi almaq lazımdı, amma bir nəfər də çıxıb bu bolşevizmin ölkəni hara sürükləyəcəyindən danışmır. Biz bunun hüquqi, iqtisadi, mənəvi, sosial yollarını təklif edib “bolşevizmdən” uzaqlaşmağın vacibliyini deyəndə həmən hücum olur ki, bəs flankəs deyir hamını “yolaq”, siz niyə bunu dəstəkləmirsiz?! Dostlar, bu gün hüquqi əsas yaratmadan, sistem dəyişikliyi olmadan “yolanları”, sabah eyni qayda ilə başqaları “yolacaq” – bu isə ölkəni xaosa, vətəndaş müharibəsinə aparacaq yoldur.
Tezisləri uzada da bilərəm, amma düşünürəm ki, məğzini izah edə bildim. Reytinq siyasətçinin “kapitalıdır”, onu nə zamn yığmağı, nə zamn isə “xərcləməyi” dəqiq bilməlisən. “Xərcləməyə” yerin yoxdursa, mənasız yığdığın “kapital” həmən siyasi “devalvasiyaya” uğrayır, mənasız yerə toplanan “reytinq” cəmiyyətdə xəyal qırıqlığına səbəb olur. Siyasətçi reytinqi (kapitalı) o zaman yığır ki, qarşıda böyük proseslər, siyasi hadisələr, seçki sürəci, referendum və s. kimi hadisələr olsun, qısa zaman ərzində yığırsan, sonra da “xərcləyirsən”, siyasi dəyişikliyə nail olursan – reytinqin alqoritmi budur. Cəmiyyətdə 3-5 çıxış, video, populizmlə reytinq qazananları çox gördük, onlar gəldi-gedərdi, içi boşdular, əsas məsələ dəyərlərinə, prinsiplərinə sadiq qalaraq doğru bildiyin yolu düzgün getməkdir. Bu yolda söyüləcəksn də, təhqir olunacaqsan da, amma sonda mütləq qalıb gələcəksən, gec-tez haml hər şeyi aydın görüb dərk edəcək. Sadəcə, hakimiyyət də hansısa siyasi təşkilatın reytinq toplamasını istəmir, buna görə də tez-tez müxalif camiyada olan kimi görünən, özlərinin yerləşdirdiyi adamlar vasitəsi ilə “əməliyyatlar” keçirir, müxalif camiyanı içdən vurur, kimi zəif və perspektivsiz görürsə, elə gecə-gündüz onları birbaşa vurmaqla reytinq atına mindirirlər - bilirlər, o ata minənlər nə yol gedə, nə də nəyəsə nail ola bilməyəcəklər, deməli onlara yüklənməklə reytinq qazandırmağın bir təhlükəsi yoxdur.
İndiki şəraitdə gələcək vacib siyasi hadisələrə, əsasən də seçkilərə hazırlaşmaq, bunun üçün təşkilati işləri gücləndirmək lazımdır. Reytinq isə alqoritmə uyğun toplanıb, sonra isə ağılla xərclənərək proses yaratmalıdır. Belə...

Natiq CƏFƏRLİ