"BİZ BİRLİKDƏ GÜCLÜYÜK" "BİZ BİRLİKDƏ GÜCLÜYÜK"

Türkiyədəki yanğınlarla bağlı Azərbaycan Prezidentinə müraciət edildi

"BİZ BİRLİKDƏ GÜCLÜYÜK"

"Vətən Müharibəsi İştirakçılarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi" qardaş Türkiyə Cumhuriyyətində tüğyan edən meşə yanğınları ilə əlaqədar Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət edib.

AzNews.az xəbər verir ki, bu barədə Birliyin sədri Nahid Salayev öz sosial şəbəkə hesabından məlumat verib.

Müraciətdə deyilir:

"Cənab Ali Baş Komandan, müstəqillik əldə edən və öz işıqlı gələcəyinə doğru, Sizin rəhbərliyinizlə inamla addımlayan Vətənimizin çətin günlərində, 30 illik Vətən torpağımızın 20 faizinin erməni mənfurları tərəfindən işğalda saxlandığı dönəmdə və 44 gün davam edən, Sizin qətiyyətli siyasi və hərbi iradənizin təcəssümü olan, Qələbəmizlə bitən Vətən Savaşında bizə dəstəyini əsirgəməyən, dünya tribunalarından bizimlə bərabər haqq səsimizi hamıya çatdiran, canı- canımızdan, qanı-qanımızdan olan, Umumimilli Liderimiz, dahi siyasətçi Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" fikrini daim bizimlə birgə yaşadan və inkişafa aparan Qardaş Türkiyəmiz artıq neçə gündür ki, meşə yanğınlarından əziyyət çəkir. Böyük bir fəlakət olan bu yanğınlarda insan itkilərinin olması bizi dərindən kədərləndirir. Dövlətimiz və Xalqımız adından Qardaş Türkiyə Cumhuriyyətinə göstərdiyiniz dəstək hər birimizi qürurlandırır.
Vətən Müharibəsində Sizin əmrinizlə müharibənin ilk günündən könüllü olaraq səfərbər olub, dəmir yumruq kimi ətrafınızda birləşən, 44 gün davam edərək Azərbaycanın tarixi Zəfəriylə yekunlaşan II Qarabağ Savaşında iştirak edən və hal-hazırda təşkilatımızın sıralarında olan Vətən Müharibəsi İştirakçıları olaraq biz də, bu fəlakətə biganə qala bilmirik. Ürəyimizin daim birgə döyündüyü Qardaş Türkiyədə baş verən yanğınların qarşısının alınmasında iştirak etmək və dəstək olmaq istəyimizi Sizə bildiririk. Sizdən xahiş edirik ki, qardaş Türkiyə Cumhuriyyətində baş verən bu fəlakətin qarşısının alınması üçün səfərbər olaraq iştirak etməyimiz üçün Türkiyə Cumhuriyyətinə göndərilməyimizlə əlaqədar müvafiq tapşırıq verəsiniz.
İnanırıq ki, bu fəlakət tezliklə səngiyəcək və qardaş dövlətimiz bu çətinliyin öhdəsindən uğurla gələcək.
Bir daha baş verən fəlakətdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, yaralı və xəsarət alanlara şəfa diləyirik. "BİZ BİRLİKDƏ GÜCLÜYÜK".