“Nazarbayev videomüraciəti ilə Tokayevin hakimiyyətinə dəstək verdiyini vurğuladı”

Fazil Mustafa: ”Nazarbayev Qazaxıstanda sabitliyin qorunması üçün bu taktikaya üstünlük verdiyini diqqətə çatdırdı”

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev xalqa müraciətlə çıxış edib. Eks-prezident bir çox məqamlara aydınlıq gətirib. O qeyd edib ki, Qazaxıstan elitasında heç bir münaqişə və ya qarşıdurma yoxdur, bu mövzuda şayiələr tamamilə əsassızdır.

Nazarbayevin videomüraciəti ilə bağlı AzNews.az analitik-informasiya portalı millət vəkili Fazil Mustafanın rəyini öyrənib.

Millət vəkili bildirib ki, N.Nazarbayevin açıqlamaları Qazaxıstanda sabitliyin qorunması üçün idi.

“N.Nazarbayev Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədinin ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək olduğunu söylədi. Bütün bu baş verən hadisələri, qətlləri kimin təşkil etdiyini öyrənməyin vacib olduğunu dedi. Onun haqqında deyilən şayələrin özünü doğrultmadığını, hazırda Qazaxıstanın paytaxtında istirahət etdiyini, heç bir yerə getmədiyini söylədi. Prezident Kasım-Jomart Tokayevin tam səlahiyyətə malik olduğunu bildirdi.
Nazarbayev müraciəti ilə Tokayevin mövqeyini dəstəklədiyini açıqladı. Hakimiyyətə dəstək verdiyini vurğulamış oldu.
Çox güman ki, Qazaxıstanda sabitliyin qorunması üçün bu taktikaya üstünlük verdiyini diqqətə çatdırdı”,- deyə Fazil Mustafa qeyd edib.

Şəbnəm Zahir