Fəzail Ağamalı YAP-ı təbrik etdi

Bu gün, Azərbaycan dövlətçiliyinin yaranıb formalaşmasında və müasir səviyyəyə qalxmasında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının doğum günüdür. 30 il öncə dünya şöhrətli siyasətçi və dövlət xadimi, tarixin nadir şəxsiyyətlərindən biri olan Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyilə yaranan Yeni Azərbaycan Partiyası ilk gündən Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətçilik strukturlarının yaranması, inkişaf etdirilməsi, müasir səviyyəyə qaldırılması və erməni işğalına qarşı aparılan mübarizədə həm müxtəlif platformalarda, həm də ön cəbhədə ki, döyüşlərdə ciddi rol oynamışdır. 30 il ərzində o, bütün potensialı ilə ölkəmizdə nüfuzlu və güclü partiya kimi özünü təsdiq etmişdir.

Yeni Azərbaycan Partiyası istər Ulu öndərimizin sədirlik etdiyi zaman kəsiyində, istərsə də möhtərəm cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi illərdə söykəndiyi ənənələrə uyğun olaraq dövlətimizin qarşısında olduqca ciddi missiyanı həyata keçirmişdir. Bu illər ərzində Ana Vətən Partiyası Ulu öndərimizin siyasi xəttinə, dövlətçilik fəlsəfəsinə və konsepsiyasına söykənərək Yeni Azərbaycan Partiyası ilə birlikdə addımlamış, xalqımıza və dövlətçiliyimizə imkanları çərçivəsində töhfələr vermiş, eyni zamanda, dövlət başçısı İlham Əliyevin prezidentlik uğrunda siyasi mübarizəyə qatıldığı ilk andan bu günə qədər Yeni Azərbaycan Partiyası ilə birgə olmuşdur. İstər dövlətçiliyimizə qarşı avantürist və antimilli mövqe tutan radikal qüvvələrin, istərsə də ölkəmizə böyük təhdidlər törədən, təhlükələr yaradan xarici dairələrin ifşasında da prinsipial mövqeyimizi nümayiş etdirmişik.

Öz adımdan və Ana Vətən Partiyasının bütün üzvləri adından Yeni Azərbaycan Partiyasını yubiley münasibətilə partiyanın sədri, dünya şöhrətli siyasətçi və dövlət xadimi, 44 günlük müharibədə qələbəmizin şəriksiz lideri və memarı cənab İlham Əliyevi, sədr müavini, bütün anlarda prezidentimizlə çiyin-çiyinə dayanaraq, dövlətçiliyimizə əhəmiyyətli töhfələr verən partiya sədrinin müavini çox hörmətli Mehriban xanım Əliyevanı və partiyanın digər rəhbər şəxslərini və bütün üzvlərini yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram.

Dərin hörmətlə,

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, Millət vəkili