Qazaxıstan XİN: Azərbaycanın İrandakı səfirliyinə hücum qınaq obyekti olmalıdır

Qazaxıstan Xarici İçlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyir.

Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidmətindən bildirilib.

"Bu gün Tehranda baş vermiş, ölümlə və diplomatik missiya üzvlərinin xəsarət alması ilə nəticələnmiş silahlı basqını pisləyirik. Qazaxıstan hər hansı zorakılığı, diplomatik nümayəndəliklərə və missiyalara qarşı təcavüz hərəkətlərini qəbuledilməz sayır. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını, normalarını pozur və ümumi qınaq obyekti olmalıdır. Qardaş Azərbaycan xalqına, habelə vəfat etmiş Azərbaycan vətəndaşı Orxan Əsgərovun qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik", - XİN qeyd edib.

XİN, həmçinin hadisənin ətraflı araşdırılması zərurətini də vurğulayıb: "Əminik ki, İran İslam Respublikasının səlahiyyətli orqanları hərtərəfli araşdırma aparacaq, hadisəni törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək".