"Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar hər kəs tərəfindən qəbul edilir" -Əli Zülfüqaroğlu

“Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması, Azərbaycanın növbəti diplomatik qələbələrindən biridir. Prezident İlham Əliyevin istər Vətən müharibəsinə qədər, istər müharibə dönəmində, istərsə də müharibədən sonrakı dövr ərzində yürütdüyü siyasəti təhlil etsək, hər bir addımın incəliyinə qədər hesabalanaraq atıldığının şahidi olarıq”.

Bunu Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Ermənistan kapitulyasiya aktına imza atandan sonra bəzi dairələrin bilərəkdən Xankəndini spekulyasiya alətinə çevirmək cəhdləri müşahidə olurdu: “Halbuki hər kəsdə gec-tez məsələnin həll olunacağına ümid var idi. Ümumiyyətlə Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz işğaldan azad edilməsi, Xankəndidə 200 illik separatizmə son qoyulması, Azərbaycanın suverenliyini təmin etməsi bütün bu yanlış tendensiyanın üzərindən xətt çəkdi. Son olaraq 4 kəndin döyüşsüz işğaldan azad edilməsi Azərbaycanın situativ yanaşma sərgiləmədiyinin, həm də uzaq perspektivə hesablanan strateji panlarını uğurla həyata keçirdiyinin şahidi oluruq”.

Ə. Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar hər kəs tərəfindən, o cümlədən Ermənistan rəhbərliyi tərəfindən də qəbul edilir:

“Amma prosesin bu cür davam etməsini narahatlıqla qarşılayan və pozuculuq fəaliyyəti ilə məşğil olan qüvvələr var. Biz burada Qərbi, xüsusilə Fransanı qeyd etməliyik. Qərb çalışır ki, Zəngəzur dəhlizi açılmasın, Azərbaycanla Ermənistan arasında yaxınlaşma baş verməsin və əllərində olan bütün mümkün variantlarla prosesi pozmağa çalşırlar. Azərbaycan tərəfi isə bunu görür, kifayət qədər təmkinli davranır və öz planlarını mərhələ-mərhələ həyata keçirir”.

Ə.Zülfüqaroğlu onu da bildirib ki, sülhün əldə olunması üçün Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tələblərinə tam əməl edilməlidir: “Anklav kəndlər Azərbaycana qaytarılmalı, Azərbaycanın digər ərazilərindən Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmalı, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlaımızın öz yurd-yuvalarına qayıtmasına İrəvan mane olmamalı, Ermənistanın konstitusiyasında gələcəkdə Azərbaycana qarşı təhdid yaradacaq separat məqamlar qanuni olaraq sıradan çıxarılmalıdır. Paşinyan bu tələblərin müəyyən hissəsinə zaman-zaman əməl etməyə çalışsa da razılaşdırılmamış bir sıra məsələlər hələ də açıq qalır. Emənistanın Azərbaycana qarşı adekvat olmayan bu siyasətinin təməlində Qərbin prosesi pozmağa yönəlik addımları, Ermənistanı silahlandrması və şirnikləndirməsi dayanır. Əgər Qərb bu gün pozucu fəaliyyətindən əl çəkib, Ermənistanı qarşıdurmaya sürükləməsə və hərbi-siyasi dəstək verməsə Ermənistan qısa müddət ərzində Azərbaycanla sülh imza atmağa məcbur ola bilər. Amma hələ ki, biz bunu görmürük. Ona görə də sülhdən danışmaq hələ tezdir. Praqa görüşündən sonra da sülhlə bağlı ümidlər yaranmşdı, sonradan Qərbin diktəsini icra etməyə məcbur qalan Ermənistanın qeyri-stabil siyasəti vəziyyəti dəyişdi. Bunu da qeyd edim ki, bütün bunlar o demək deyil ki, Ermənistan Azərbaycanın haqlı tələblərinə qarşı uzun müddət dirəniş göstərə biləcək. Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Razılaşdırılmayan məsələlər isə gec-tez Azərbaycanın istədiyi formada-yəni beynəlxalq hüququn tələbləri çərçivəsində öz həllini tapacaq”.

Rəfiqə NAMAZƏLİYEVA