"Artıq region ölkələrinin nə Qərbin, nə də Rusiyanın vasitəçiliyinə ehtiyacı yoxdur" - Siyasi şərhçi

“Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından deyil, bu proses nəticəsində təsir imkanlarının məhdudlaşmasından narahatdır. Əgər Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında Zəngəzur dəhlizinin açılmasına razılıq versəydi, sülh Rusiya üçün də arzuolunan olardı. Ancaq hazırda Ermənistan bu modelə qarşı çıxır, ölkədə Rusiya təsirini tədricən zəiflədir və milliləşdirmə siyasətinə start verir. Oxşar yanaşma ABŞ üçün də keçərlidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağını bildirib. O, bu prosesin ABŞ-ın vasitəçiliyi ilə baş tutacağını vurğulayıb. Bakı isə əsas şərt kimi Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb edir. Rusiya isə prosesi zəiflətmək üçün Ermənistanda sabitliyi pozmağa çalışır.

Siyasi şərhçi bildirib ki, Vaşinqton sülhün bərqərar olmasından çox, Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə çalışır.

“Belə ki, ABŞ regional nəqliyyat və kommunikasiya xəttlərinin təşkili prosesində “operator” rolunu üzərinə götürmək, dolayısı ilə dəhlizə nəzarət imkanları əldə etmək niyyətindədir. Bu məqsədlə sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Prosesin nəzarətdən çıxmasına müqavimət olaraq Rusiya Ermənistanda çevriliş cəhdləri ilə mövqeyini bərpa etməyə çalışır, Azərbaycana isə müxtəlif formalarda təzyiqlər göstərir. Lakin artıq hərəkətə keçmiş “Cənubi Qafqaz qatarı”nı dayandırmaq mümkün deyil. Bu qatar Zəngəzur yolunun açılması istiqamətində sürətlə irəliləyir. Bu mənada Abu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi ikitərəfli görüş də mühüm siqnaldır. Artıq region ölkələrinin nə Rusiyanın, nə də Qərbin vasitəçiliyinə ehtiyacı yoxdur. Görüşdə Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması müzakirə edilib. Bir neçə gün öncə ABŞ-nin operatorluğu ilə dəhlizin açılmasına şübhə ilə yanaşan Ermənistan Xarici İşlər Nazirliyi bu gün bildirib ki, üçüncü tərəfin yola nəzarəti Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü prinsiplərinə uyğun olarsa, bu mümkündür”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın sülh prosesində əsas və dəyişməz şərti Ermənistan Konstitusiyasında yer alan tarixi ərazi iddialarının aradan qaldırılmasıdır:

“Bu bənd dəyişdirilmədən sülh sənədinin imzalanması real görünmür. Əgər ABŞ bu prosesin sürətlənməsini istəyirsə, Ermənistana bu istiqamətdə təzyiqlərini artırmalıdır. Ermənistan cəmiyyəti ərazi iddialarından birdəfəlik imtina edər və Paşinyan bu dönəmdə siyasi hakimiyyətini qorumağı bacararsa, o zaman ABŞ-ın regionda Rusiya təsirini neytrallaşdırdığı deyilə bilər. Əks halda, Ermənistan daxili parçalanma və xaos riski ilə üzləşə bilər ki, bu da daha çox Rusiyanın maraqlarına xidmət edəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az