Azad Məsiyev: “Ermənistanın yeni AES planı region üçün ciddi təhlükə yaradır”

“Hər bir dövlət öz enerji təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edə bilər. Bu, iqtisadi inkişafın əsas şərtlərindən biridir. Lakin Ermənistanın planlaşdırdığı yeni atom elektrik stansiyasının inşası region üçün potensial risklər yaradır. Ermənistan kimi kiçik ölkələr müxtəlif alternativ enerji mənbələrindən istifadə edərək enerji təhlükəsizliyini təmin edə bilər. Günəş, külək və hətta ildırım enerjisi kimi yaşıl enerji sistemləri mövcuddur və bunlar atom elektrik stansiyasına alternativ ola bilər. Azərbaycanın bu sahədə həyata keçirdiyi böyük layihələr nümunə kimi göstərilə bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisi gündəmə gətirilib və layihənin detallarının nəzərdən keçirildiyi bildirilir. Qeyd edilir ki, Ermənistanda hazırda fəaliyyətdə olan Metsamor AES mövcuddur, lakin istismar müddəti bitdiyi üçün texniki cəhətdən köhnəlib və təhlükəlidir. Azərbaycan və Türkiyə dəfələrlə bu stansiyanın region üçün potensial risk yaratdığını beynəlxalq təşkilatlara çatdırıblar.

Siyasi şərhçi bildirib ki, regionun seysmik baxımdan aktiv olması ciddi təhlükə yaradır.

“1988-ci ildə Leninakanda baş vermiş zəlzələ bunun bariz nümunəsidir. Belə bir bölgədə atom elektrik stansiyasının tikilməsi, texniki nasazlıq və ya qəza halında radioloji sızmalara yol aça bilər. Bu isə yalnız Ermənistan üçün deyil, qonşu ölkələr – Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün də təhlükə mənbəyi ola bilər. Hazırda Ermənistanın mövcud atom elektrik stansiyasının texnologiyası köhnəlib və istismar müddəti başa çatıb. Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldıraraq stansiyanın bağlanmasını tələb edib, lakin Ermənistan bu çağırışlara cavab verməyib. Ekspertlər hesab edir ki, atom elektrik stansiyasının inşası həm ekoloji, həm siyasi, həm də hərbi baxımdan region üçün risklər yarada bilər. Hər hansı texniki qəza zamanı radioloji sızmalar region dövlətlərinə təsir göstərə bilər. Bu baxımdan Türkiyə, İran, Azərbaycan və Gürcüstan məsələyə xüsusi diqqət yetirməlidir. Alternativ enerji mənbələrinə keçid, yəni yaşıl enerji layihələrinin təşviqi Ermənistan üçün həm təhlükəsiz, həm də davamlı enerji təminatı deməkdir. Region dövlətləri birgə fəaliyyət göstərərək bu potensial təhlükəni minimuma endirməli və qarşılıqlı ekoloji və siyasi riskləri nəzərə almalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az