- Siyasi müzakirə
- 20:44
- 2 068
Rəşad Bayramov: “Putin erməni icmasına dəstək verərək Bakıya mesaj göndərdi”

“Rusiyada yaşayan azərbaycanlılara qarşı sərt münasibətlərin müşahidə olunduğu bir vaxtda Rusiya erməniləri İttifaqının 25 illik yubileyinə Prezident Vladimir Putinin təbrik məktubu göndərməsi və Prezident Administrasiyası rəhbərinin müavininin tədbirdə iştirakı müəyyən mesajlar ehtiva edir. Xüsusilə Azərbaycan diaspor təşkilatlarının hədəfə alınması, onların cinayətkar qruplarla eyniləşdirilməsinə cəhdlər fonunda Rusiya ermənilərinə göstərilən bu açıq dəstək həm rəsmi Bakıya, həm də Rusiyada yaşayan azərbaycanlılara ünvanlanmış ismarıc kimi qəbul oluna bilər. Bununla yanaşı, burada başqa bir məqam da diqqətdən kənarda qalmamalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Xatırladaq ki, Rusiyada azərbaycanlıların ardıcıl həbsləri, vətəndaşlıqdan çıxarılması və təqib olunması fonunda erməni icmasına müsbət münasibət diqqət çəkir. Sentyabrın 7-də Kremlin tədbir zalında Rusiya Erməniləri İttifaqının yubileyinin təntənəli keçirilməsi və Prezident Vladimir Putinin iştirakçılara xüsusi təbrik müraciəti bu yanaşmanı daha da aydın göstərir. Ermənistan KİV-ləri Putinin bu addımını Azərbaycana mesaj olaraq şərh edir; azərbaycanlılara sərt yanaşmalar fonunda ermənilərin ön plana çıxarılması kimi təqdim olunur. Eyni zamanda, əvvəllər belə hallarda Moskva birbaşa İrəvana dəstək verirdisə, bu dəfə erməni hökumətinin vəziyyətdən faydalanmasına imkan vermir. Beləliklə, Kremlin məqsədi iki ölkənin xalqları üzərindən mesaj verməkdir.
Siyasi şərhçi bildirib ki, Moskvanın Rusiya erməniləri İttifaqına münasibəti yalnız Azərbaycana deyil, həm də birbaşa Ermənistan hakimiyyətinə ünvanlanmış mesaj xarakteri daşıyır.
“İttifaqın rəhbəri Ara Abramyan uzun illərdir Rusiyanın maraqlarını müdafiə edir və Paşinyan əleyhinə mövqeyi ilə tanınır. O, hələ əvvəlki seçkilər ərəfəsində Ermənistanın uçuruma sürükləndiyini bildirərək Paşinyanın seçkilərdə iştirak etməyə mənəvi haqqının olmadığını vurğulamış, özü namizədliyini irəli sürəcəyini açıqlamışdı. Sonrakı dövrdə dəfələrlə Paşinyan əleyhinə sərt bəyanatlar səsləndirib. Bu baxımdan Kremlin Abramyan və onun rəhbərlik etdiyi təşkilata açıq dəstək verməsi, əslində, Ermənistanda Paşinyan əleyhinə qüvvələrin mövqelərinin gücləndirilməsi kimi dəyərləndirilə bilər. Eyni yanaşmanı Rusiya Qarabağdan köçən ermənilər məsələsində də nümayiş etdirir. Son bir ayda Moskva onlara “maliyyə və humanitar yardım” adı altında dəstək göstərməklə paralel şəkildə təşkilatlanmalarına da çalışır. Bununla Kreml, bir tərəfdən, anti-Paşinyan qüvvələri səfərbər etməyə, digər tərəfdən isə qarşıdakı seçkilərdə Paşinyanın hakimiyyətdən getməsinə nail olmağa cəhd edir. Əgər bu mümkün olmazsa, ən azından onu davamlı təzyiq altında saxlamağı hədəfləyir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az