Züriyə Qarayeva: “NATO artıq passiv müşahidəçi mövqeyindən çıxır”

“Son günlər Rusiya təyyarələrinin NATO ölkələrinin hava məkanını pozması təsadüfi insidentlərdən çox, Moskvanın məqsədli və siyasi mesaj xarakterli addımları kimi qiymətləndirilir. Bu cür hadisələr Kremlin Qərbə güc nümayişi göstərmək və Alyansın reaksiyasını test etmək cəhdi kimi də qəbul edilə bilər. Rusiya həm hərbi imkanlarını xatırladır, həm də Qərb ictimaiyyəti və siyasi dairələrdə təzyiq mühiti yaratmağa çalışır. Avropadakı narahatlığın əsas səbəblərindən biri NATO-Rusiya münasibətlərinin artıq dərin sistemli böhran mərhələsində olmasıdır. Hər hansı hərbi insidentin genişmiqyaslı eskalasiyaya çevrilmə riski yüksəkdir. Eyni zamanda, bu təxribatlar Avropa təhlükəsizlik arxitekturasının zəif nöqtələrini üzə çıxarır və alyans daxilində koordinasiyanın gücləndirilməsini labüd edir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva deyib.

Qeyd edək ki, son günlər Rusiya ilə NATO ölkələri arasındakı gərginlik xeyli artıb. Rusiyaya məxsus təyyarələrin alyans ölkələrinin hava məkanını pozması və digər oxşar təxribatlar Avropada ciddi narahatlıq yaradıb. “Blumberq”in məlumatına görə, Avropa diplomatları Kremlə gizli xəbərdarlıq edib ki, NATO artıq öz hava məkanında Rusiyanın təxribatlarına dözməyəcək və sərhədi pozan təyyarələri vurmağa hazırdır.

Siyasi şərhçi bildirib ki, Avropa ölkələrinin Rusiyaya diplomatik kanallar vasitəsilə verdiyi gizli xəbərdarlıqlar gərginliyin kritik səviyyəyə çatdığını ortaya qoyur.

“NATO artıq passiv müşahidəçi mövqeyindən çıxaraq, hava sərhədlərinin toxunulmazlığı prinsipini sərt şəkildə qorumağa hazır olduğunu nümayiş etdirir. Bu isə gələcək oxşar insidentlərin daha kəskin cavabla qarşılanacağı ehtimalını artırır. Belə bir mühit Avropanın təhlükəsizlik siyasətinə də təsirsiz ötüşməyəcək. Müdafiə xərclərinin artırılması, hava məkanının qorunmasına daha çox investisiya yönəldilməsi, kollektiv müdafiə mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və Şərqi Avropa ölkələrinin təhlükəsizlik tələblərinin ön plana çıxarılması ehtimal olunur. Nəticə etibarilə, bu gərginlik yalnız lokal insidentlərdən ibarət deyil. Moskvanın Qərbə yönəlik strateji mesajlarının tərkib hissəsi olaraq Avropanı təhlükəsizlik siyasətində daha sərt, preventiv və koordinasiyalı yanaşmaya məcbur edəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az