- Siyasi müzakirə
- 21:41
- 1 120
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq- Bahar Muradova

"27 sentyabr Anım Günü Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri və fəalları olaraq Zəfər Abidəsini ziyarət etdik. Bu müqəddəs məkanda, Vətən uğrunda canından keçən igid şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizin qəhrəmanlığını dərin ehtiramla yad etdik".
Bu sözləri AzNews.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O, bildirib:
"Zəfər Abidəsi təkcə qələbənin simvolu deyil, həm də xalqımızın birliyinin, yenilməz iradəsinin və əzminin təcəssümüdür. Bu abidəni ziyarət etməklə biz bir daha torpaqlarımızın azadlığı, dövlətimizin qüdrəti və gələcək nəsillərə miras qoyulan bu müqəddəs qələbənin əhəmiyyətini dərk edirik.
Yeni Azərbaycan Partiyasının üzvləri olaraq biz hər zaman Ulu Öndər Heydər Əliyevin yolunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş olunan bu tarixi qələbəni qürurla yaşadır, dövlətimizin inkişafı və güclənməsi naminə bir amal ətrafında sıx birləşirik. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizin fədakarlığı isə gələcək nəsillərə örnək olacaqdır".
AzNews.az