- Siyasi müzakirə
- 19 Yanvar 21:59
- 2 058
20 Yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi - DEPUTAT
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində ağır faciə olmaqla yanaşı, eyni zamanda milli iradənin, ləyaqətin və azadlıq əzminin sarsılmazlığını nümayiş etdirən şanlı bir səhifədir. Qanlı Yanvar sovet totalitar rejiminin xalqımıza qarşı törətdiyi ən amansız, insanlıq əleyhinə əvvəlcədən planlaşdırılmış cinayətlərdən biri kimi tarixə düşmüşdür.
1987-ci ildən etibarən azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri fonunda Sovet rəhbərliyi problemi siyasi və hüquqi yollarla həll etmək əvəzinə, silahsız dinc əhaliyə qarşı ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə kütləvi qırğın törətmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilən qoşun hissələri qadın, uşaq, qoca demədən günahsız insanları qətlə yetirmiş, Azərbaycan xalqının azadlıq iradəsini qanla boğmağa cəhd göstərmişdir.
Nəticədə 147 nəfər şəhid olmuş, yüzlərlə insan yaralanmış, yüzlərlə vətəndaş qanunsuz həbs edilmiş, dövlətə və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurulmuşdur. Lakin bütün bu vəhşiliklər xalqımızın iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi və Azərbaycan müstəqilliyinə aparan yolun dönüş nöqtəsinə çevrildi.
Bu faciəyə ilk siyasi-hüquqi qiyməti verən Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, ən ağır və təhlükəli şəraitdə xalqın yanında olduğunu nümayiş etdirərək, Sovet rəhbərliyinin cinayətkar mahiyyətini açıq şəkildə ifşa etmiş, 20 Yanvar hadisəsini hüquqa, demokratiyaya və humanizmə zidd olan tarixi cinayət kimi dəyərləndirmişdir. Məhz Ulu Öndərin qətiyyətli mövqeyi sayəsində 1994-cü ildə Milli Məclis səviyyəsində bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində daim uca tutulur. Şəhid ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara mənzil, avtomobil, təqaüd və digər sosial təminatların verilməsi dövlətin şəhidlərə və onların ailələrinə olan yüksək ehtiramının bariz nümunəsidir. Hər il yanvarın 20-də ölkə üzrə bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsinin yad edilməsi, dövlət bayraqlarının endirilməsi bu müqəddəs yaddaşın milli şüurda daim yaşadıldığını göstərir.
Bu gün tam əminliklə deyə bilərik ki, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları şaddır. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz tam şəkildə bərpa olundu.
Bu gün Azərbaycanın üçrəngli Bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.
Azərbaycan xalqı öz tarixi yaddaşına sadiqdir. Qanlı Yanvar faciəsi bizim milli kimliyimizi möhkəmləndirən, azadlıq və suverenlik ideallarımızı daha da gücləndirən şərəfli və unudulmaz bir dərsdir. Bu irs gələcək nəsillərə ötürüləcək və 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır.
Fatma YILDIRIM