- Siyasi müzakirə
- 18:46
- 1 529
“Qrenlandiya Arktikada strateji baxımdan bir nömrəli məkandır” – Həşim Səhrablı
"Qrenlandiya Arktika bölgəsində ən mühüm strateji nöqtələrdən biri hesab olunur. Bunun əsas səbəbi onun ada xüsusiyyətinə malik olması, geniş əraziyə sahib çıxması və Arktikanın digər hissələri ilə müqayisədə burada insan məskunlaşmasının mümkün olmasıdır. Eyni zamanda adada zəngin təbii ehtiyatların, nadir metalların və enerji resurslarının mövcudluğu Qrenlandiyanı Arktika miqyasında bir nömrəli məkana çevirir. Adanın strateji yerləşməsi onu daha da önəmli edir. Qrenlandiya həm Rusiya sərhədlərinə, həm ABŞ-a, həm də Avropaya yaxın mövqedə yerləşir. Bu amil adanı artıq regional güclər arasında üçüncü tərəf deyil, birbaşa qlobal güc balansının əsas elementinə çevirir. Arktikaya kim nəzarət edərsə, digər iki tərəfdən hərbi və strateji təzyiq riski xeyli azalır. Məhz buna görə hazırda ABŞ-nin bu bölgəyə xüsusi diqqət yetirdiyi açıq görünür. Ehtimal olunur ki, Rusiya da müəyyən formada gizli şəkildə bölgəyə nüfuz etməyə çalışır. Avropa isə Qrenlandiyanın de-fakto və de-yure Danimarkaya məxsus olması səbəbindən burada hələlik üstün mövqeyə malikdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Arktika qlobal güclər arasında artan geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. İqlim dəyişiklikləri və zəngin resurslar regionun strateji əhəmiyyətini artırarkən Qrenlandiya beynəlxalq gündəmin ön sıralarına çıxıb. ABŞ-nin təhlükəsizlik prioritetləri, Rusiya və Çinin fəallaşması, eləcə də Vaşinqton–Avropa fikir ayrılıqları adanı mühüm geosiyasi faktora çevirir. Fransa Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Pyer de Vilyenin sözlərinə görə, ABŞ-nin Qrenlandiyada mümkün hərbi addımı NATO-nun 5-ci maddəsini işə salmayacaq və alyans ölkələri Vaşinqtona qarşı müharibəyə qoşulmayacaq. O qeyd edib ki, beynəlxalq nizam getdikcə güc qanununa tabe olur.
Siyasi şərhçi qeyd edib ki, Avropanın həm Rusiya, həm də ABŞ qarşısında zəif mövqedə qalması mövcud balansın yaxın gələcəkdə dəyişə biləcəyi riskini artırır.
"Donald Trampın son dövrlərdə “biz Qrenlandiyanı istəyirik” fikrini səsləndirməsinin əsas motivlərindən biri də məhz bu reallıqdır. Gözlənilir ki, yaxın mərhələdə Çin də bu prosesə tədricən daxil olacaq. Hazırda ABŞ, Rusiya və Çin çalışırlar ki, Qrenlandiyanı ya tam şəkildə öz təsir dairələrinə salsınlar, ya da ən azından təhlükəsizlik, iqtisadi və siyasi maraqları baxımından burada üstünlük əldə etsinlər. Bəs ada ətrafında hadisələr hansı istiqamətdə inkişaf edəcək? Qarşıdurma dərinləşəcək, yoxsa əməkdaşlıq imkanları ön plana çıxacaq? Mənə görə, Tramp administrasiyası hazırda Avropanın reaksiyasını və imkanlarını sınaqdan keçirir. ABŞ-nin yanaşmasına əsasən, Avropa Ukrayna nümunəsində də göründüyü kimi, şərq cinahını təkbaşına qoruya bilmir. Rusiya isə müharibənin dördüncü ilində, çoxlarının onun zəifləyəcəyini düşündüyü bir dövrdə əksinə, hərbi istehsalı artıraraq, iqtisadiyyatını və sənayesini müharibə modelinə uyğunlaşdıraraq ciddi üstünlük qazanıb. Bu vəziyyət ABŞ-da narahatlıq yaradır. Çünki Qrenlandiya Avropanın təsir dairəsində qaldığı müddətdə hər an Rusiyanın və ya Çinin nüfuzuna keçə bilər. Bu isə ABŞ üçün birbaşa təhlükə deməkdir. Necə ki, Vaşinqton Tayvan vasitəsilə Çini strateji baxımdan sıxışdırır, eyni model Qrenlandiya üzərindən ABŞ-a qarşı tətbiq oluna bilər. Məhz bu ehtimal ABŞ-ı ciddi şəkildə narahat edir. Avropanın hərbi baxımdan zəif, Çin və Rusiyadan geri qaldığı bir dövrdə Vaşinqton öz təhlükəsizliyini yenidən dizayn etməyə çalışır və Qrenlandiya məsələsinə də bu prizmadan yanaşır. Bununla belə, Trampın şəxsi ritorikasının həlledici olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, onun səlahiyyət müddəti məhduddur və iki dəfədən artıq prezident seçilməsi ABŞ tarixində nadir haldır. Trampdan sonra böyük ehtimalla ənənəvi Amerika siyasətini dəstəkləyən yeni administrasiya hakimiyyətə gələcək. ABŞ üçün Qrenlandiyanı zor gücünə ələ keçirmək və Avropa kimi ənənəvi müttəfiqlərlə düşmən münasibətinə girmək rasional seçim deyil. Daha real məqsəd Tramp administrasiyasından istifadə etməklə Avropaya mesaj verməkdir: ABŞ müdafiəyə böyük vəsait yatırır, güclü ordu qurur, yeni silah texnologiyalarına sərmayə qoyur və eyni addımları Avropadan da gözləyir. Vaşinqton Avropaya açıq şəkildə bildirir ki, artıq təhlükəsizliyi yalnız ABŞ-dan gözləmək dövrü bitməlidir. Əgər Avropa bu istiqamətdə real addımlar atarsa, güclü ordu və müdafiə sənayesi formalaşdıra bilsə, ABŞ-nin Qrenlandiyanı birtərəfli şəkildə ələ keçirmək siyasəti də aktuallığını itirəcək. Çünki güclü Avropa fonunda belə bir addım ABŞ üçün də ağır siyasi və hərbi nəticələr doğura bilər. Artıq Avropa bu boşluqları görərək hərbi sahədə ciddi islahatlara başlayıb. Bu addımlar real nəticə verdikcə, ABŞ-nin Qrenlandiya məsələsində yenidən Avropa ilə əməkdaşlığa qayıtmaqda maraqlı olacağı ehtimalı artır. Bu halda Rusiya və Çin də bölgədə açıq təxribat riskinə getməyəcəklər. Çünki Avropa ABŞ üçün heç vaxt düşmən olmayıb və olmayacaq. Avropanın da alternativi yoxdur: sərhədlərində Rusiya və Çin kimi güclərin təzyiqi artdığı bir vaxtda Vaşinqtonla qarşıdurma onun üçün mümkün deyil. Nəticə etibarilə, əgər Avropa müdafiə sahəsindəki boşluqları aradan qaldıra, güclü liderlik və hərbi-texnoloji inkişaf təmin edə bilsə, Qrenlandiya məsələsi ABŞ-la əməkdaşlıq çərçivəsində, qarşılıqlı maraqlar əsasında həll olunacaq. Əks halda Avropa zəif qalarsa və bu problemləri həll edə bilməzsə ABŞ öz təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya kimi kritik strateji nöqtədə yerləşən adaya ya kompensasiya yolu ilə, ya da hərbi-siyasi təzyiq vasitəsilə sahib çıxmağa cəhd göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az