- Siyasi müzakirə
- 20:35
- 1 642
“Azərbaycan Qəzzada daha təhlükəsiz gələcəyin qurulması istiqamətində təcrübəsini paylaşacaq”
Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına üzvlük təklifini qəbul edib. Bu Şura Qəzza ilə bağlı sülh, dialoq və humanitar təşəbbüslərlə məşğul olan bir platforma olacaq. Bu platforma çərçivəsində fəaliyyət qarşıdurmanın azalmasına və qarşılıqlı anlaşmanın artmasına yönələcək. Azərbaycanın növbəti dəfə sülhyaratma missiyasına töhfəsi ilk növbədə ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.
Cənab Prezidentin Donald Trampa göndərdiyi məktubda da bu dəvət Azərbaycanla ABŞ-nın qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi kimi qiymətləndirilir. Yəni Azərbaycan Sülh Şurasına qoşularaq Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz, rifahlı gələcəyin qurulması kimi nəcib missiyasını paylaşacaq.
Bu, cənab Prezidentin beynəlxalq nüfuzu, liderliyi, dövlət başçımızın təhlükəsizlik və sülh istiqamətində təşəbbüsləri, həyata keçirdiyi siyasətin nəticəsidir. Məlum olduğu kimi, ötən ilin oktyabrında Azərbaycan Prezidenti Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində də iştirak edib. Azərbaycan beynəlxalq məsələlərdə hər zaman ədalətli mövqe sərgiləyib və sülhün yanında olub. Orta güc kimi Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər.
Ölkəmiz uzun müddət işğaldan, münaqişədən və humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi və dayanıqlı təhlükəsizliyi dəstəkləyir. Bundan əvvəl də ölkəmiz sülh təşəbbüsləri, sülhün və təhlükəsizliyin təmin olunması üçün müxtəlif missiyalarda iştirak edib. Vasitəçilik missiyası zamanı Azərbaycan üçün beynəlxalq hüququn norma və prinsipləri prioritet təşkil edir.
Bütün bunlar Azərbaycan Prezidentinin sülhsevər lider kimi nüfuzunu möhkəmləndirir. Hesab edirəm ki, Cənubi Qafqazda sülhyaratma missiyasının lideri kimi Azərbaycan Yaxın Şərqdəki sülh prosesinə də öz zəngin təcrübəsi əsasında töhfə verəcək.
Nigar Məmmədova,
Milli Məclisin deputatı