Lavrovun açıqlaması Ermənistana açıq xəbərdarlıqdır” – Hikmət Babaoğlu

"Son dövrlərdə Ermənistan və Rusiya Federasiyası arasında münasibətlər daha da gərginləşib. Bunun əsas səbəbi Ermənistanın xarici siyasətdə Qərbə daha çox meyil etməsidir. Rusiya hesab edir ki, əgər bu tendensiya davam edərsə, Ermənistanda keçiriləcək seçkilərdən sonra proses artıq qarşısıalınmaz ola bilər və beləliklə, Moskva Cənubi Qafqazdakı mövqeyini itirə bilər. Bu səbəbdən Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun “Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İttifaqının üzvü ola bilməz” bəyanatı daha çox xəbərdarlıq və hədəyə bənzəyir. Lavrov hesab edir ki, Ermənistan Avropa İttifaqına daha bir addım atarsa, Rusiyanın cəza tədbirləri ilə üzləşə bilər. Lakin Ermənistanın vəziyyəti mürəkkəbdir: ölkənin milli gəlirlərinin böyük hissəsi Avrasiya İttifaqı üzvü olan ölkələrlə ticarət əlaqələrindən formalaşır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri 2000-ci illərin ortalarından başlayıb. İlkin mərhələdə bu, Rusiyadan asılılığı azaltmaq üçün alternativ yol olub. Lakin 2025-ci il aprelin 4-də prezident Vaaqn Xaçatryanın Aİ-yə üzvlük prosesini təsdiqləməsi siyasəti yeni mərhələyə daşıdı. Moskva bundan narazılıq göstərib. Xarici İşlər Naziri Sergey Lavrovun “Ermənistan eyni vaxtda həm Aİ, həm də Aİİ üzvü ola bilməz” açıqlaması İrəvanın manevr imkanlarının daraldığını göstərir və Avropaya yönəlmənin iqtisadi risklər yarada biləcəyinə işarə edir.

Deputat bildirib ki, bu, həm coğrafi yaxınlıq, həm də ənənəvi ticarət əlaqələrinin nəticəsidir.

"Avropa ilə iqtisadi balansı yenidən formalaşdırmaq üçün Ermənistanın ciddi addımlar atması zəruridir. Bunlardan biri Azərbaycanla sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Türkiyə və Azərbaycanla diplomatik münasibətlərin bərpasına və Avropa İttifaqı ölkələrinin birbaşa quru tranzit imkanlarının təmin olunmasına imkan verə bilər. Rusiya isə çalışacaq ki, Ermənistanın bu istiqamətdə addımlarına mane olsun, çünki ölkənin Moskvanın nəzarətindən çıxmasını qəbul etmək istəmir. Hazırda isə Ermənistanın Rusiyaya qarşı manevr imkanları çox məhduddur. Lavrovun açıqlamaları eyni zamanda Ermənistana seçki öncəsi xəbərdarlıq xarakteri daşıyır".

Rəfiqə Namazəliyeva,

AzNews.az