“Yaxın Şərqdə həssas vəziyyət geniş hərbi qarşıdurma riskini artırır” - Elçin Xalidbəyli

"Əslində, reallıqda ABŞ-nin İrana hərbi müdaxiləsi son dərəcə təhlükəli nəticələr doğura bilər. Bu cür müdaxilə təkcə İran ərazisi ilə məhdudlaşmayaraq, bütövlükdə Yaxın Şərq regionunda, hətta regiona qonşu ərazilərdə belə sarsıdıcı təsirlər yarada bilər. Bunu həm ABŞ, həm də İsrail çox yaxşı anlayır. Məlumatlara görə, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsinin təxirə salınmasında bəzi ərəb ölkələrinin mövqeyi də rol oynayıb. Xüsusilə Səudiyyə Ərəbistanı kimi dövlətlərin narahatlığı, eləcə də İsrailin ehtiyatlı yanaşması bu prosesə təsir göstərib. Bildirilir ki, Tramp administrasiyasından hücumların təxirə salınması xahiş olunub".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin İrana mümkün hərbi hücumunun Yaxın Şərqdə ciddi qeyri-sabitlik yarada biləcəyini bildirib. Kremlin nümayəndəsinin sözlərinə görə, Moskva bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Peskov vurğulayıb ki, ABŞ-nin İrana qarşı atacağı mümkün hərbi addımlar regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə və təhlükəli nəticələrə səbəb ola bilər.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan hazırda Yaxın Şərqdə son dərəcə həssas və təhlükəli vəziyyət formalaşıb.

"Mövcud durum geniş bir coğrafi arealın müharibə meydanına çevrilməsi riskini artırır. Lakin Rusiyanın nə regionda dağıdıcı hadisələrin baş verməsi, nə də bunun nəticəsində əhalinin üzləşə biləcəyi humanitar fəlakət Kreml üçün ciddi narahatlıq doğurur. Rusiya üçün əsas məsələ İranın onun strateji müttəfiqlərindən biri olmasıdır. İranın hərbi baxımdan sıradan çıxarılması ilk növbədə Rusiyanın regional mövqelərinə zərbə vura və təsir dairəsini daha da daralda bilər. Bu isə Moskvanın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqlarında mövqelərinin zəifləməsi deməkdir. Kreml bu reallığı dəqiq şəkildə anlayır. Məhz buna görə də Rusiya İranın ABŞ tərəfindən hərbi müdaxiləyə məruz qalmasının qarşısının alınmasına və prosesin mümkün qədər gecikdirilməsinə üstünlük verir. Bu baxımdan demək olar ki, hazırda İran mövzusu ABŞ ilə Rusiya arasında əsas geosiyasi qarşıdurma istiqamətlərindən birinə çevrilməkdədir. Yaxın perspektivdə bu məsələ iki ölkə arasında mövcud gərginliyin daha da dərinləşməsinə səbəb ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az