- Siyasi müzakirə
- 19:36
- 1 740
“Hərbi güc Vaşinqtonun əsas təzyiq alətlərindən biridir” – Hikmət Babaoğlu
"ABŞ-nin İranı danışıqlara hazırlaması hazırkı mərhələdə iki təzyiq vasitəsindən həyata keçirilir. Bunlardan biri birbaşa hərbi gücdür. Artıq ABŞ-nin dəniz qüvvələrinin ən hazırlıqlı bölmələri və ən müasir silah sistemləri İranın dəniz sərhədli sularında cəmləşdirilib. İkinci istiqamət isə güc tətbiq etmədən öncə psixoloji və diplomatik təzyiqlər vasitəsilə İranı danışıqlara hazırlamaqdır. Hazırkı mərhələdə ABŞ İrandan nüvə proqramından imtina etməyi tələb edir. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəf isə ABŞ-nin açıq şəkildə bəyan etdiyi kimi, Yaxın Şərqdə İranın proksi qüvvələrini dəstəkləməməsi, özünün yaratdığı silahlı şəbəkələrdən və müxtəlif radikal təşkilatlara verdiyi dəstəkdən imtina etməsidir. Üçüncü tələb İranın resurslarının azad ticarət kontekstində həm İran xalqı, həm də dünya bazarı üçün səmərəli şəkildə istifadəsinin təmin olunmasıdır. Bu tələblər, şübhəsiz ki, ABŞ-nin mövqeyini əks etdirir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, son günlər ABŞ Prezidenti Donald Trampın İran ətrafında hərbi qüvvələrin cəmləşdirildiyini açıq şəkildə bildirməsi regionda ciddi suallar yaradıb. Bir tərəfdən Vaşinqton dialoqa hazır olduqlarını vurğulayır, digər tərəfdən isə hərbi mövcudluğunu artıraraq Tehrana açıq mesaj verir. Bu ziddiyyətli yanaşma müharibə riskinin artıb-artmadığı, yoxsa bunun sadəcə təzyiq aləti olub-olmadığı barədə müzakirələri gücləndirib. Xüsusilə Trampın İranın danışıqlara hazır olduğunu iddia etməsi, lakin mümkün razılaşmanın detalları barədə açıqlama verməməsi vəziyyəti daha da qeyri-müəyyən edir. Mövcud proseslər yalnız ABŞ və İranla məhdudlaşmır, eyni zamanda bütün Yaxın Şərqdə təhlükəsizlik balansına təsir göstərir.
Deputat bildirib ki, İran fərqli davrandığı üçün hazırda güc tətbiqi məsələsi gündəmə çıxıb.
"Bununla belə, hesab edirəm ki, bu məqsədlərə nail olmaq üçün hələ də diplomatik imkanlar mövcuddur. Uzunmüddətli perspektivdə Yaxın Şərqdə sabitliyin formalaşması üçün İranda ideoloji yanaşmaların ciddi şəkildə dəyişməsinə ehtiyac var. Çünki 1979-cu ildən bu günə qədər İranın ideoloji, təbliğat və xarici siyasətinin əsas paradigmaları inqilab dəyərlərinin region ölkələrinə ixracı və İranın təsir zonasının genişləndirilməsi üzərində qurulub. Bu siyasət Suriyada, İraqda, Livanda və regionun digər nöqtələrində terrorçuluğun və silahlı qruplaşmaların güclənməsinə səbəb olub. Bu baxımdan İranın bütün bu strategiyalardan birdəfəlik imtina edəcəyi inandırıcı görünmür. Birbaşa hərbi toqquşma ehtimalı yüksək olaraq qalır. Lakin İranın əvvəlki davranışlarına diqqət yetirdikdə görürük ki, Tehran belə mərhələlərdə birbaşa qarşıdurmadan yayınmağa üstünlük verib. Bütün hallarda, ABŞ-nin regiona bu qədər hərbi qüvvə göndərməsi ciddi maliyyə hesablamaları ilə müşayiət olunur. Donald Tramp təkcə siyasətçi deyil, eyni zamanda iqtisadi maraqları dəqiqliklə ölçən bir fiqurdur. Bütün bu faktorları nəzərə alaraq qərar verəcəyi ehtimal olunur".
Rəfiqə Namazəliyeva,
AzNews.az