- Siyasi müzakirə
- 20:24
- 1 500
“ABŞ Şərqi Avropada təsir imkanlarını artırmağa çalışır” – Kənan Novruzov
"Belə bir sənədin yaxın vaxtda imzalanacağı real görünmür və mən buna açıq şəkildə inanmıram. Hazırda ictimaiyyətə verilən açıqlamalar və bəyanatlar əsasən siyasi rəyə təsir etmək məqsədini daşıyır və faktiki vəziyyəti tam əks etdirmir. ABŞ, Şərqi Avropada təsir imkanlarını artırmaqla Rusiyanın və Avropanın regional mövqelərini zəiflətməyə çalışır. Bunun üçün Ukraynanı strateji baxımdan asılı vəziyyətə gətirmək və Rusiyanın hərəkət imkanlarını məhdudlaşdırmaq nəzərdə tutulur. Nəticədə ABŞ həm Rusiyanı, həm də Ukraynanı müəyyən qədər “idarə edilə bilən” vəziyyətə gətirərək regional prosesləri öz maraqlarına uyğun yönləndirməyə çalışır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçi bildirib ki, bu strategiya yalnız diplomatiya ilə məhdudlaşmır, həm iqtisadi, həm də hərbi tədbirləri əhatə edir və ABŞ-nin uzunmüddətli regional üstünlüyünü qorumağa xidmət edir.
"Avropa ölkələri isə bütün vasitələrdən istifadə edərək sənədin hazırlanması və tətbiqinə təsir etməyə çalışır, bu da imzalanmanın yaxın perspektivdə ehtimalını azaldır. Nəticədə, hazırkı vəziyyət ABŞ-nin regional maraqlarını qorumaq cəhdi ilə Rusiyanın və Avropanın təsir imkanlarını balanslaşdırmaq arasında mürəkkəb və çoxşaxəli bir diplomatik proses kimi qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az