“Ermənistanın silahlanması birbaşa Azərbaycana qarşı yönəlib” – Azad Məsiyev

"Ermənistan Silahlı Qüvvələri Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal etmişdi. Bu ərazilər 30 il ərzində Ermənistanın nəzarətində qaldı. Birləşmiş Millətlər Təşkilatının bu işğalla bağlı dörd qətnaməsi mövcud idi. Həmin qətnamələrdə açıq şəkildə göstərilirdi ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməlidir. Bu sənədlərlə BMT Ermənistanı açıq şəkildə işğalçı və aqressor dövlət kimi tanımışdı. 44 günlük Vətən müharibəsindən sonra isə işğalçılar torpaqlarımızdan çıxarıldı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Buna baxmayaraq, Ermənistan Konstitusiyasında bu gün də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar əksini tapır. Bu isə onu göstərir ki, erməni cəmiyyəti hələ də bu iddialardan imtina etməyib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin yaradılmasının 34-cü ildönümü münasibətilə yaydığı təbrik müraciətində ölkənin silah və hərbi texnika əldə etmək cəhdlərinin bəzi hallarda beynəlxalq tərəfdaşlar tərəfindən qəbul edilmədiyini bildirib. Paşinyanın sözlərinə görə, bu imtinanın əsas səbəbi tərəfdaş dövlətlərin satılan silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda istifadə olunmayacağına dair yetərli zəmanət əldə edə bilməməsidir.

Siyasi şərhçi qeyd edib ki, eyni zamanda Ermənistan dövlətinin xaricdən silah almaq və silahlı qüvvələrini gücləndirmək cəhdləri təsadüfi xarakter daşımır.

"Çünki beynəlxalq hüquqa əsasən, aqressor və işğalçı dövlətlərə silah satılması yolverilməz hesab olunur. Ermənistanın ordusunu gücləndirməsi nə İrana, nə Türkiyəyə, nə də Rusiyaya qarşı yönələ bilərdi. Bu silahlanma yalnız Azərbaycana qarşı nəzərdə tutulur. Erməni ideologiyasında və ictimai şüurunda Azərbaycan torpaqlarına iddia düşüncəsi hələ də qalmaqdadır. Məhz bu səbəbdən Ermənistanın baş naziri də etiraf edir ki, bəzi tərəfdaş dövlətlər Ermənistana müasir silahların verilməsinə etiraz edirlər. Bu etirazların iki əsas səbəbi var. Birincisi, Ermənistanın müasir silahlar almaq üçün kifayət qədər iqtisadi və maliyyə imkanları yoxdur. İkincisi isə beynəlxalq normalara görə aqressor dövlətin silahlandırılması qəbuledilməzdir. Azərbaycan tərəfi də Ermənistanın hansı dövlətdən silah almasına baxmayaraq, diplomatik kanallar vasitəsilə həmin ölkələrə etirazını bildirir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, aqressoru silahlandırmaq regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Bu səbəbdən bir çox dövlətlər məsələ ilə bağlı ehtiyatlı mövqe tuturlar. Çünki bu gün Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Azərbaycanın razılığı olmadan regionda iri beynəlxalq layihələrin həyata keçirilməsi mümkün deyil. Bu reallıq Ermənistana silah satmaq istəyən ölkələri də ciddi şəkildə düşündürür. Həmin dövlətlər yaxşı anlayırlar ki, Ermənistanın silahlanması birbaşa Azərbaycana qarşı yönəlir. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb. Belə bir vəziyyətdə Ermənistanın silahlanması tamamilə məntiqsiz görünür. Bu silahlanma nə İran, nə Türkiyə, nə də Rusiya ilə bağlıdır — birbaşa Azərbaycana qarşıdır. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər də dərk edirlər ki, Ermənistana satılan silahlar müdafiə deyil, aqressiv məqsədlərlə istifadə oluna bilər. Bu isə regionda yeni gərginlik risklərini artırır. Azərbaycan Prezidentinin beynəlxalq nüfuzu, balanslaşdırılmış və praqmatik xarici siyasəti bir daha göstərir ki, Ermənistanı silahlandıran dövlətlər qarşılarında birbaşa Azərbaycan faktorunu görəcəklər. Məhz buna görə də Azərbaycanın maraqları nəzərə alınaraq Ermənistana silah satışında ciddi ehtiyatlılıq nümayiş etdirilir. Üstəlik, Ermənistanın nə bu silahları almağa, nə də onların davamlı maliyyələşdirilməsini təmin etməyə yetərli iqtisadi potensialı mövcuddur. Nəticə etibarilə, Ermənistanın silahlandırılması siyasi motivlərə əsaslanır və bu motivlərin mərkəzində məhz Azərbaycan dayanır. Ermənistanın hərbi gücünü artırması Cənubi Qafqazda sabitliyin pozulması deməkdir. Regionda sabitliyin pozulması isə qlobal geosiyasi proseslərə birbaşa təsir göstərir. Cənubi Qafqaz coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu strateji məkandır. Bu səbəbdən burada gərginliyin artması beynəlxalq güclərin maraqlarına uyğun deyil. Məhz buna görə də Ermənistanın silahlandırılması qəbulolunmaz hesab edilir və bu ölkəyə silah satışına ciddi məhdudiyyətlərlə yanaşılır".

Rəfiqə Namazəliyeva,

AzNews.az