“Azərbaycan Aİ ilə enerji sahəsində etibarlı tərəfdaşdır” – Oqtay Qasımov

"Azərbaycan Avropa İttifaqı və ümumilikdə Qərb strukturları ilə əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında, bəzi istisnalar xaric, kifayət qədər normal və konstruktiv münasibətlər mövcuddur. Xüsusilə 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması bu münasibətlərin mühüm mərhələsi hesab olunur. Avropa İttifaqının rəhbərliyi də Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir. Digər tərəfdən, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır. Azərbaycanın ixrac məhsullarının mütləq əksəriyyəti məhz Avropa bazarına yönəlib. Bu baxımdan enerji və iqtisadi sahədə əlaqələr sürətlə inkişaf edir. Xüsusilə Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Avropa İttifaqının Azərbaycana olan ehtiyacı daha da artıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aparılan danışıqlar ölkənin regional və beynəlxalq siyasətdə mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Enerji resurslarının ixracı, ticarət əlaqələrinin genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları bu dialoqu strateji səviyyəyə yüksəldir.

Siyasi şərhçi bildirib ki, uzun illər Rusiya enerji resurslarından asılı vəziyyətdə olan Avropa İttifaqı müharibədən sonra bu asılılıqdan mərhələli şəkildə imtina siyasəti həyata keçirməyə başlayıb.

"Alternativ enerji mənbələrinə ehtiyacın artdığı bir şəraitdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı və strateji tərəfdaş kimi önəmli rol oynayır. Son dövrlərdə tərəflər arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsi də bunun göstəricisidir. Azərbaycan Avropa İttifaqını əsas iqtisadi tərəfdaşlarından biri kimi görməklə yanaşı, Avropaya logistika, nəqliyyat və enerji sahələrində mühüm töhfələr verir. Hazırda Çini Avropa ilə birləşdirən əsas marşrutlardan biri sayılan Orta Dəhliz məhz Azərbaycan üzərindən keçir. Bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır ki, bu da daşınma sürəti, intensivliyi, həcmi və maya dəyərinin azalması baxımından xüsusi əhəmiyyət daşıyır. Siyasi sabitlik və təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Azərbaycan Avropa İttifaqına üzv olan bir çox ölkə ilə yüksək səviyyəli münasibətlərə malikdir. Təxminən on ölkə ilə strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Hazırda ondan artıq Avropa ölkəsinə Azərbaycan enerji məhsulları ixrac edir ki, bu da əməkdaşlığın mühüm göstəricisidir. Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması ilə bağlı məhdud imkanları mövcuddur. Bu səbəbdən Azərbaycan bu sahədə Avropa İttifaqı ilə deyil, əsasən ayrı-ayrı üzv dövlətlərlə əməkdaşlıq edir. Xüsusilə İtaliya ilə hərbi-texniki sahədə ciddi əməkdaşlıq imkanları mövcuddur. Bununla yanaşı, Çexiya, Slovakiya və digər Avropa ölkələri ilə də müəyyən əlaqələr qurulub və bu münasibətlər inkişaf etməkdədir. Azərbaycan Avropa İttifaqı və Avropa strukturları ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlıdır. Lakin bu yanaşma hər zaman qarşı tərəfdən eyni formada nümayiş etdirilmir. Xüsusilə 2020-ci ildən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması fonunda Avropa İttifaqının Azərbaycan–Ermənistan normallaşma prosesinə münasibəti bəzən obyektiv və neytral olmayıb. Bir sıra hallarda Avropa strukturlarının birtərəfli mövqe sərgiləməsi Azərbaycanda ciddi narazılıq doğurub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son dövrlərdə Avropa Parlamenti, AŞPA və digər qurumlardan səslənən bəyanatlara artıq əvvəlki qədər diqqət yetirilmir. Çünki Azərbaycan üçün əsas məsələlər artıq öz həllini tapıb. Nəticə etibarilə, Azərbaycan Avropa İttifaqı ilə ilk növbədə enerji və iqtisadi sahələrdə əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır. Digər istiqamətlər üzrə isə münasibətlər milli maraqlara uyğun şəkildə formalaşdırılır".

Rəfiqə Namazəliyeva,

AzNews.az