- Siyasi müzakirə
- 20:13
- 2 012
“İrana mümkün hərbi hücum region üçün ağır nəticələr doğura bilər” – Əli Mustafayev
"Prezident Rəcəb Tayyib Ərdoğanın İran ətrafında artan gərginlik fonunda diplomatik təşəbbüslə çıxış etdiyi bildirilir. Məlumata görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən maraqla qarşılanıb. Yanvarın 27-də iki lider arasında baş tutan telefon danışığından sonra yayılan məlumatlarda qeyd olunub ki, Ərdoğan Trampa ABŞ–Türkiyə–İran formatında üçtərəfli təmasların qurulmasını təklif edib Anlaşıldığı qədərilə, Tramp bu təklifi müsbət qarşılayıb. Lakin təkcə razılıq kifayət deyil, əsas məsələ danışıqların real şəkildə həyata keçirilməsidir. Hazırda İran tərəfinin ABŞ-la müəyyən təmaslarının olduğu bildirilir. Donald Tramp “biz onlarla danışırıq” açıqlamasını versə də, İranın xarici işlər naziri birbaşa dialoqun olmadığını, əlaqələrin üçüncü tərəflər vasitəsilə aparıldığını deyir. Bu isə vəziyyətin kifayət qədər mürəkkəb və ziddiyyətli olduğunu göstərir. Bir tərəfdən İran ABŞ-nin mümkün hərbi müdaxilə təhlükəsinin real olduğunu anlayır. Rəsmi səviyyədə buna qarşı sərt bəyanatlar səsləndirilsə də, pərdəarxasında razılaşma cəhdlərinin aparıldığı hiss olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Xatırladaq ki, Türkiyənin hökumətyönlü qəzeti Hürriyet xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İran məsələsi ilə bağlı üçtərəfli sammit təşəbbüsünü irəli sürüb. Qəzetin məlumatına görə, Ankara regionda yeni münaqişənin qarşısını almaq niyyətindədir və bu məqsədlə diplomatik təmasları gücləndirib.
Siyasi şərhçi qeyd edib ki, bu, Tehranın ikili və ziddiyyətli siyasət yürütməsinin göstəricisidir.
"İrana mümkün hərbi hücum region üçün son dərəcə ciddi nəticələr doğura bilər. Bu, yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə bölgə üçün təhlükəsizlik risklərini artırar, mülki əhali və soydaşlarımız üçün də ciddi təhlükələr yarada bilər. Əgər İran münaqişəyə birbaşa cəlb olunarsa, müharibə daha da genişlənə və aylarla davam edə bilər. Ekspertlərin də qeyd etdiyi kimi, İran nə Venesueladır, nə də sürətli ssenarilərin tətbiq oluna biləcəyi ölkədir. Burada qısa müddətli hərbi əməliyyat ehtimalı real görünmür. Bundan əlavə, İranın arxasında Çin və Rusiyanın müəyyən siyasi və strateji dəstəyinin hiss olunması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu şəraitdə Türkiyə rasional və dövlət maraqlarına əsaslanan siyasət yürüdən əsas regional aktorlardan biridir. Ankara bölgədə gərginliyin artmasında, münaqişə və humanitar fəlakətlərin baş verməsində maraqlı deyil. Türkiyə İrana həm qonşu dövlət, həm də əhalisinin böyük hissəsi türk olan ölkə kimi yanaşır və mümkün zərbələrin qarşısını almağa çalışır. Lakin ABŞ-nin sərt tələbləri və İranın davranışları bu təhlükəni aradan qaldırmaq əvəzinə daha da dərinləşdirir. Əksinə, risk hər keçən gün daha ciddi xarakter alır. ABŞ-nin növbəti hərbi donanmasının da İran ətrafına yaxınlaşması gözlənilir. Regionda böyük hərbi gücün cəmləşdirilməsi təsadüfi deyil və bu proses milyardlarla dollar xərclə müşayiət olunur. Bu da göstərir ki, məsələ təkcə siyasi təzyiqlə məhdudlaşmır. Bütün bunlar fonunda İranda rejim dəyişikliyi məsələsinin artıq ciddi gündəm mövzusuna çevrildiyi görünür, ya danışıqlar yolu ilə, ya da hərbi ssenari vasitəsilə. Mövcud reallıq onu göstərir ki, danışıqlar yolu ilə İranın ABŞ-nin bütün tələblərini qəbul etməsi ehtimalı olduqca zəifdir. Bu isə müharibə riskini xeyli artırır. Türkiyənin mövqeyi isə aydındır: Ankara bu savaşın baş verməsini istəmir. Çünki mümkün müharibə region üçün qaçqın axını, humanitar fəlakətlər və uzunmüddətli sabitsizlik vəd edir. Suriyada və İraqda baş verənlər region dövlətlərinə ağır zərbələr vurub və Türkiyə bu ssenarinin təkrarlanmasını istəmir. Buna baxmayaraq, İranın mövcud vəziyyətin miqyasını tam dərk etmədiyi qənaəti formalaşır. Məhz bu səbəbdən Türkiyənin xoş niyyətli təşəbbüslərinə rəğmən təhlükə hələ də yüksək olaraq qalır. Hesab edirəm ki, Türkiyənin son cəhdləri yalnız formal diplomatik təşəbbüs xarakteri daşımır. Ankara həqiqətən bu müharibənin qarşısını almağa çalışır. Türkiyə rəsmilərinin son günlərdə intensiv diplomatik fəaliyyəti də bunu təsdiqləyir. Məlumatlara görə, İranın xarici işlər naziri də yaxın günlərdə Türkiyəyə səfər etməyə hazırlaşır. Bu, Ankaranın münaqişənin qarşısını almaq üçün bütün imkanlardan istifadə etdiyini göstərir. Eyni zamanda Türkiyə öz milli təhlükəsizliyini də nəzərə almaq məcburiyyətindədir. Mövcud protokollar və siyasi mexanizmlər bu baxımdan zəruri addımlar kimi qiymətləndirilir. Nəticə etibarilə, Türkiyə həm İran xalqını, həm İranda yaşayan türkləri, həm də öz dövlət təhlükəsizliyini düşünərək balanslı siyasət yürütməyə çalışır və səmimi şəkildə bu müharibənin baş verməməsində maraqlıdır. Ümid etmək olar ki, aparılan diplomatik səylər yaxın dövrdə real nəticə verəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az