“İran məsələsi artıq humanitar deyil, geosiyasi müstəvidədir” – Həşim Səhrablı

"İranda baş verən hadisələrdən sonra Qərbin Tehrana qarşı kollektiv münasibətinin daha da sərtləşməsinin əsas səbəbi kimi rəsmi dairələr insan hüquqlarının pozulmasını, etirazların qəddarlıqla yatırılmasını və mülki əhaliyə qarşı zorakılığı göstərsələr də, məsələ təkcə bu faktorlarla izah edilə bilməz. Şübhəsiz ki, etirazçıların silahlı müdaxilə ilə susdurulması, edam hallarının artması və repressiyalar beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq tənqid olunur. Avropa dövlətləri də rəsmi açıqlamalarında məhz bu arqumentləri ön plana çıxarırlar. Lakin reallıq ondan ibarətdir ki, Avropa ölkələri bu humanitar arqumentləri çox zaman səmimi yanaşmadan daha çox, siyasi alət kimi istifadə edirlər. Dünyanın müxtəlif bölgələrində insan hüquqlarının kobud şəkildə pozulduğu, avtoritar və qəddar rejimlərin mövcud olduğu ölkələr az deyil. Buna baxmayaraq, həmin dövlətlərə qarşı Avropanın bu qədər sərt və prinsipial mövqe sərgilədiyini hər zaman müşahidə etmirik. Diqqətçəkən məqam ondan ibarətdir ki, İranda bundan əvvəl də – həm 2000-ci illərdə, həm də 2010-cu illərdə genişmiqyaslı etirazlar baş vermiş, aksiyalar qanla yatırılmışdı. Lakin həmin dövrlərdə nə Avropa İttifaqı, nə də ABŞ bugünkü qədər kəskin mövqe nümayiş etdirmirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, İranda baş verən genişmiqyaslı etirazlardan sonra Avropa ölkələrinin Tehrana münasibəti sərtləşib. Qərb dövlətləri aksiyaların qanla yatırılmasında əsas məsuliyyəti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) verir. SEPAH-ı “terror təşkilatı” kimi tanıyan ölkələr arasında ABŞ, Kanada, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ekvador, Paraqvay və Argentina var. Son proseslər Avropa İttifaqında da mövqelərin sərtləşdiyini göstərir; Fransa artıq SEPAH-ın “terror təşkilatı” kimi tanınmasını dəstəkləyəcəyini açıqlayıb.

Siyasi şərhçi qeyd edib ki, bu, hazırkı sərt ritorikanın arxasında təkcə insan hüquqları amilinin dayanmadığını göstərir.

"Bu gün Avropa İttifaqının sanksiyaları sərtləşdirməsi, ABŞ və İsrailin hərbi müdaxilə variantlarını gündəmə gətirməsi məsələnin artıq humanitar çərçivədən çıxaraq geosiyasi müstəviyə keçdiyini göstərir. Burada əsas faktor ABŞ–Çin rəqabətidir. Vaşinqton açıq şəkildə görür ki, Çin hər keçən gün həm iqtisadi, həm də texnoloji baxımdan ABŞ üçün əsas qlobal rəqibə çevrilir və bəzi sahələrdə onu geridə qoymaq təhlükəsi yaranır. Çinin bu yüksəlişində əsas amillərdən biri ucuz enerji və xammal bazasına çıxış imkanlarıdır. Bu baxımdan İran xüsusi əhəmiyyət daşıyır. Qərb sanksiyaları səbəbindən iqtisadiyyatı zəifləyən Tehran enerji resurslarını əsasən aşağı qiymətlərlə Çinə satmağa məcbur qalırdı. Bu isə Çinin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, onun istehsal və ixrac üstünlüklərini də artırırdı. Beləliklə, ABŞ üçün əsas problem İranın insan hüquqları məsələsindən daha çox, bu ölkənin Çinin iqtisadi və strateji güclənməsində oynadığı roldur. Vaşinqton Tehrana açıq mesaj verir: ya ABŞ-nin əsas rəqibinə dəstək verməkdən imtina edəcək və Qərblə uzlaşma yolunu seçəcək, ya da rejimin gələcəyi sual altına düşəcək. ABŞ-nin uzun müddət nisbətən təmkinli davranmasının da iki əsas səbəbi var. Birincisi, İranın real hərbi və strateji potensialının sərhədlərini dəqiq müəyyənləşdirmək cəhdidir. İkincisi isə rejim dəyişikliyindən sonra ölkədə yaranacaq xaos və qeyri-müəyyənliyin region üçün hansı nəticələr doğuracağını hesablamaqdır. Vaşinqton İranı tam itirməmək üçün uzun müddət rejimə “son şanslar” verməyə üstünlük verib. Əgər ABŞ və Avropa üçün əsas prioritet İran xalqının taleyi olsaydı, bu halda maddi və strateji maraqlar müdaxiləyə mane olmazdı. Lakin reallıq ondan ibarətdir ki, Fransa, Böyük Britaniya, Almaniya və digər Avropa dövlətlərinin hər birinin İranda fərqli maraqları mövcuddur. Bu səbəbdən də Avropa ölkələri zaman-zaman İran məsələsində fərqli mövqelərdən çıxış edirlər və yalnız ümumi Avropa maraqları təhlükə altına düşdükdə ortaq xətt formalaşdırmaq mümkün olur. Nəticə etibarilə, İranda xalqın yaşadığı faciələr beynəlxalq siyasətdə əsas məqsəd deyil, daha çox təsir mexanizmi və təzyiq vasitəsi kimi istifadə olunur. Qərb dövlətləri Tehrana açıq şəkildə mesaj verir: mövcud kursdan imtina etməsən, rejimin gələcəyi sual altına düşəcək. Bununla belə, mövcud vəziyyət göstərir ki, İranın dini-siyasi hakimiyyəti geri çəkilmək niyyətində deyil. Son dövrdə atılan addımlar rejimin təslimiyyət yolunu deyil, müqavimət strategiyasını seçdiyini göstərir. Molla hakimiyyəti üçün döyüşərək məğlub olmaq belə, şərtsiz boyun əyməkdən daha məqbul variant hesab olunur. Bu səbəbdən artıq iqtisadi və siyasi sanksiyaların ciddi nəticə verəcəyi inandırıcı görünmür. Mövcud gedişat onu göstərir ki, Qərbin əlində qalan yeganə real seçim güc faktorudur. Lakin Avropa ölkələrinin ABŞ olmadan belə bir müdaxiləni həyata keçirmək imkanı yoxdur. Digər tərəfdən, ABŞ üçün də mümkün hərbi əməliyyatların nəticələri ağır ola bilər. Məhz buna görə proses uzanır, təhdidlər davam edir, lakin yekun qərar verilməsində tərəddüdlər qalır. Amerika kəşfiyyatı İranın real gücünü, hərbi potensialını və mümkün ssenarilərin nəticələrini hələ də detallı şəkildə hesablayır. Əgər bu hesablamalar nəticəsində qısa müddətdə məqsədlərə çatmağın mümkün olduğu qənaətinə gəlinərsə, hərbi ssenari gündəmə gələ bilər. Əks halda isə İranın gücünün sərhədləri tam müəyyənləşdirilməyənədək proses yenə də təhdidlər, sərt bəyanatlar və uzanan siyasi qarşıdurma mərhələsində qalacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az