- Siyasi müzakirə
- 20:24
- 2 661
“İrana qarşı hücum yalnız hərbi deyil, siyasi legitimlik məsələsidir” – Həşim Səhrablı
"Hər hansı ölkəyə qarşı hərbi plan hazırlananda beynəlxalq ictimaiyyətdə bu hücuma haqq qazandırmaq məsələsi ortaya çıxır. ABŞ İrandan texniki baxımdan güclü olsa da İran da zəif deyil və öz dəstəkçilərinə malikdir, xüsusilə Çin və Rusiya. Bu ölkələr İrana sadəcə yaxınlıq göstərmir, ABŞ və onun bölgədəki müttəfiqlərinə qarşı balans yaratmaq məqsədilə dəstəkləyirlər. Məsələn, Suriyada belə bir situasiya baş vermədi, çünki Suriyanın həm dövlətçilik təcrübəsi, həm də resurs imkanları kifayət qədər deyildi. İran isə Rusiya və Çinin dəstəyi ilə ABŞ-a qarşı strateji planlar həyata keçirmək qabiliyyətinə malik nadir ölkələrdən biridir. ABŞ yaxşı başa düşür ki, Çin və Rusiyanın açıq dəstəyi qarşısında İranla bağlı addımlarını haqlı göstərmək üçün beynəlxalq ictimaiyyətin reaksiyasını da hesaba qatmalıdır. Bunun üçün zərurət yaranır ki, ABŞ hər hansı hərbi addımını beynəlxalq ictimaiyyət qarşısında haqlı göstərə bilsin və Rusiya ilə Çinə bəhanə verməsin".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin açıqlamaları Vaşinqtonun İranla bağlı mövqeyini daha sərt etdiyini göstərir. İranın nüvə silahı əldə etməsi ehtimalı artıq təkcə texniki və diplomatik məsələ deyil, Yaxın Şərq və qlobal təhlükəsizlik baxımından ciddi risk kimi qiymətləndirilir. Maraqlıdır ki, ABŞ Rusiya və Çinlə birbaşa ünsiyyət qura bilir, amma İranın rəhbərliyi ilə dialoqun çətinliyini vurğulayır. Bu isə diplomatiyanın imkanlarını, sərhədlərini və alternativ addımları diqqətlə nəzərdən keçirməyi zəruri edir.
Siyasi şərhçi qeyd edib ki, hazırda proksi qüvvələrə və terror təşkilatlarına dəstək verilməsi, eləcə də İranın danışıqları pozan tərəf kimi göstərilməsi bu məqsədi güdür.
"Lakin real vəziyyətdə bu məsələlərin hamısı siyasi oyun çərçivəsindədir; tərəflər öz maraqlarına uyğun açıqlamalar verir və kim haqlıdır kim haqsız bunu dəqiqliklə demək mümkün deyil. Hər iki tərəf eyni anda həm doğru, həm də yanlış məlumat verə bilər. Maraqlıdır ki, ABŞ İran hakimiyyəti ilə ortaq məxrəcə gəlməkdən çox onu təslim etməyin yollarını axtarır. Bu baş vermədikdə, ABŞ İrana qarşı hər hansı addımı haqlı göstərmək üçün zəmin tapmalıdır. İranın faktiki rəhbərliyi ilə dialoqun çətin olduğu barədə açıqlamalar isə əsasən siyasi məqsədlərlə verilir və gələcək hadisələr üçün zəmin hazırlayır. Eyni zamanda, İran hakimiyyəti öz mövqeyindən dönməyən, raket proqramları və proksi qüvvələrə dəstək məsələlərində geri addım atmayan qətiyyət nümayiş etdirir. Bu faktorlar isə danışıqlar prosesində əlavə çətinliklər yaradır və regionda balans məsələlərinə təsir göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az