“Ukraynaya qoşun göndərilməsi Rusiya razılığı olmadan risklidir” – Kənan Novruzov

"Ukraynaya qoşun göndərilməsi məsələsi hazırda beynəlxalq müstəvidə olduqca ciddi şəkildə müzakirə olunur və artıq bəzi ölkələrin, xüsusilə Britaniya və Fransanın bu istiqamətdə addım ata biləcəyi ehtimalları açıq şəkildə gündəmə gətirilir. Lakin mən hesab edirəm ki, Rusiyanın razılığı olmadan belə bir qərarın verilməsi vəziyyəti daha da mürəkkəbləşdirə, mövcud böhranı dərinləşdirə və müharibənin coğrafiyasını genişləndirə bilər. Belə bir ssenari Avropa üçün ciddi siyasi və təhlükəsizlik riskləri yarada, yəni deyildiyi kimi, “qaş düzəldərkən göz çıxarmaq” effekti verə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı irəli sürülən təşəbbüslərin həyata keçirilməsi üçün Rusiya tərəfinin, xüsusilə də prezident Vladimir Putinin mövqeyinin həlledici ola biləcəyi bildirilir. Bu barədə The Telegraph nəşri məlumat yayıb. Nəşrin diplomatik mənbələrə əsaslanan məlumatına görə, “istəkli koalisiya” kimi təqdim olunan ölkələr qrupunun üzvləri qapalı danışıqlarda mümkün sülhməramlı missiyanın Moskvanın razılığı olmadan reallaşmasının çətin olduğunu etiraf ediblər. Mənbələr vurğulayıb ki, mövcud beynəlxalq siyasi şərait Rusiyanın razılığı olmadan Ukraynada beynəlxalq kontingentin yerləşdirilməsini faktiki olaraq mümkünsüz edir. Bu hal isə Qərb dövlətlərinin bölgədə uzunmüddətli təhlükəsizlik mexanizmləri qurmaq planlarını ciddi şəkildə məhdudlaşdırır.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan nə Rusiya, nə də ABŞ bu cür nəzarətsiz eskalasiyaya razılıq verəcək.

"ABŞ ilə Avropa arasında Şərqi Avropadakı təhlükəsizlik məsələləri və Ukrayna münaqişəsinə yanaşma ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Avropa ölkələrinin gələcəkdə Ukraynaya qoşun göndərmək ehtimalını açıq şəkildə gündəmə gətirməsi bu fikir ayrılıqlarını daha da dərinləşdirə və transatlantik münasibətlərdə əlavə gərginlik yarada bilər. Məhz buna görə də bir daha vurğulamaq istəyirəm ki, Rusiyanın razılığı bu və ya digər formada mütləq şəkildə alınmalıdır. Əgər belə bir razılaşmaya ehtiyac yaranarsa, bu proses ya ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilə bilər və bu halda Avropa ölkələri Vaşinqtonun diplomatik imkanlarından istifadə etməyə çalışacaqlar, ya da Türkiyə regional və diplomatik çəkisini ortaya qoyaraq bu məsələdə fəal vasitəçi rolunu üzərinə götürə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az