“Paşinyana qarşı üç rusiyameyilli blok formalaşıb” – Sultan Zahidov

"Hazırda Ermənistanda seçki öncəsi daxili siyasi vəziyyət kifayət qədər gərginləşib. Artıq müxalif partiyalar Paşinyana qarşı müxtəlif kampaniyaları intensivləşdiriblər. Onların məqsədi aydındır: Paşinyanın hakimiyyətə gəlməsinə əngəl olmaqdır və onların böyük dayağı var. Rusiya, bilirsiniz ki, həm Köçəryan fraksiyasını, həm də Samvel Karapetyanın fraksiyasını dəstəkləyir. Eyni zamanda Gagik Tsarukyanın rəhbərlik etdiyi Prosperous Armenia Party də məhz Rusiyanın dəstəyinə arxalanır və bu üç partiyanın birlikdə səsi, Paşinyana verilən səsləri ötmək ehtimalına malikdir. Bu baxımdan vəziyyət kifayət qədər gərgindir və Rusiya hər vəcdə çalışır ki, müxtəlif siyasi və hibrid yollarla Ermənistandakı proseslərə müdaxilə etsin".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, son dövrlər Ermənistanda rusmeyilli qüvvələrin Azərbaycanla sülh prosesini pozmağa çalışdıqları müşahidə olunur. Bu məsələ İrəvanın siyasi dairələrində geniş müzakirələrə səbəb olub. “Respublika Uğrunda” Partiyasının sədr müavini Ruben Mehrabyan bildirib ki, Rusiya Ermənistandakı əlaltıları vasitəsilə Azərbaycanla sülh prosesinə müdaxilə edir. O, həmçinin qeyd edib ki, bu işdə erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan və onun komandası rol oynayır. Mehrabyanın sözlərinə görə, Karapetyanın maskası çıxarılsa, altında Vladimir Solovyov, Marqarita Simonyan və Vladimir Putinin siması görünəcək. Partiya sədri vurğulayıb ki, Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən istifadə edərək Azərbaycanla sülh prosesini dayandırmaq niyyətindədir.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan buna görə digər güclərin dəstəyinə arxalanır.

"İlk növbədə burada Avropa İttifaqını qeyd edə bilərik. Avropa İttifaqının dekabrda Ermənistanla imzaladığı strateji gündəlikdə Ermənistana dəstək məsələsi yer almışdır. Xüsusilə də seçki öncəsi hibrid və kiber hücumlara qarşı Ermənistana dəstək məsələsi gündəlikdə yer almışdır. Avropa İttifaqı yaxın günlərdə Ermənistana 200 milyon avro ayırdı. Bu məbləğin böyük bir hissəsi həm də Ermənistanın Rusiyanın mümkün hibrid hücumlarına qarşı müdafiəsinə yönələcəkdir. Digər tərəfdən, ABŞ Ermənistanın öncəki hakimiyyətini dəstəkləyir. Bir neçə həftə öncə Ceyms Devid Vens İrəvana səfərində açıq bildirdi ki, mən Paşinyanı dəstəkləyirəm, onun qalib gəlməsini müsbət qiymətləndirirəm. Bu göstərir ki, Ermənistan uğrunda Qərblə Rusiya arasında intensiv geosiyasi rəqabət baş verməkdədir və bu rəqabətin pik nöqtəsi iyunun 7-də başlayacaq seçkilərdə özünü göstərəcək. Ermənistanın Rusiya təsirindən tamamilə çıxması indiki halda qeyri-mümkündür. Çünki iqtisadi cəhətdən Ermənistanın Rusiyadan olan asılılığı böyükdür; ticari-iqtisadi baxımdan Rusiya Ermənistanın ən böyük partnyorudur. Bu əlaqəni qısa zamanda ləğv etmək mümkün deyil. Enerji sahəsində də ciddi asılılıq var, Ermənistanın enerji infrastrukturunda Rusiyanın böyük payı mövcuddur. Digər tərəfdən, Ermənistan dəmir yolları Rusiyaya bağlı şirkət tərəfindən idarə olunur. Həmçinin hərbi təhlükəsizliklə bağlı institusional bariyerlər var: sərhədlərin keşiyində hələ də Rusiyanın federal təhlükəsizlik xidmətinin sərhədçiləri dayanır, 102 saylı Gümrüdə baza, İrəvanda isə aviasiya bazası mövcuddur. Bütün bunlar göstərir ki, bu asılılıqlar kifayət qədər dərindir və qısa zamanda onlardan yaxa qurtarmaq mümkün deyil. Ölkənin xarici siyasət kursunda dönüş seçkilərin nəticəsindən asılıdır: Paşinyan qalib gələrsə eyni kurs davam edəcək, əks halda revanşistlər hakimiyyətə gələcəksə Ermənistan əvvəlki kimi Rusiyapərəst xarici siyasət kursuna qayıdacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az