- Siyasi müzakirə
- 20:52
- 875
Zaxarovanın açıqlaması məntiqsizdir - Elxan Şahinoğlu
"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın mülki təyyarəsinin raketlə vurulmasıyla bağlı məntiqsiz açıqlama verib. Birincisi, Zaxarova açıqlamasında təyyarənin raketlə vurulması ifadəsi əvəzinə Kremlin təlimatıyla “sərnişin təyyarəsinin qəzaya uğraması” cümləsinə üstünlük verib. İkincisi, Zaxarova deyib ki, guya Rusiya təyayrəylə bağlı əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. “Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”, deyə Zaxarova vurğulayıb. Yalandır".
Bu barədə politoloq Elxan Şahinoğlu danışıb. O, əməkdaşımıza deyib:
"Rusiya razılaşmaların “icrası” üzərində necə işləyir ki, nə həlak olanların ailələrinə və yaralılara kompensasia ödənilib, nə də təyyarəmizi raketlə vurmağı əmr edənlər cəzalandırılıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bugünkü açıqlamasında “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb” cümləsi Rusiyanın məsələnin həllinin uzatmasına işarədir. Rusiya məsuliyyətdən yaxa qurtarmaq üçün vaxtı uzatmağa çalışır. Mariya Zaxarovanın açıqlaması bu qəbildəndir.
Bu arada, Rusiya Dövlət Dumasının Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfdə hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyasını qadağan etməsi də diqqəti cəlb edib. Yeni qanuna görə, Rusiya Federasiyasında hərbi xidmət keçən xarici vətəndaşlar başqa dövlətlərə verilməyəcək. Belə çıxır ki, hansısa dövlətdə cinayət törədib Rusiyaya qaçan və Ukraynaya qarşı müharibədə iştirak edən şəxs cəzasız qalacaq. Bu qanun həm də Rusiyada çalışan miqrantları müharibədə iştiraka şirnikləndirmək məsqədi daşıyır".
AzNews.az