- Siyasi müzakirə
- 20:55
- 1 191
“İran sülh istəyirsə, müharibədən danışmamalıdır” – Azər Həsrət
"Yəni, İranın yanaşması budur: deyir ki, həm sülhə hazırıq, həm də müharibəyə. Amma əgər sən sülhə hazırsansa, müharibədən ümumiyyətlə danışmazsan. Sülhə hazırsansa, sülhün konkret şərtlərini ortaya qoyarsan. ABŞ İranla sülhün şərtləri barədə artıq danışıb, öz təkliflərini verib. İndi İranın deməli olduğu tək şey var: “Gəlin, masa arxasında oturaq və bunu müzakirə edək”. Amma “müharibəyə hazırıq” deməklə İran nəyə arxalanır – bu, açıq sualdır. Axı ötən il, cəmi 12 gün davam edən müharibədə, heç balaca bir şəhər boyda da olmayan İsrail İranı faktiki olaraq rüsvay etdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran həm sülh, həm də hərbi ssenarilərə tam hazırdır, lakin əsas məqsəd münaqişənin qarşısını almaqdır. O qeyd edib ki, İran Silahlı Qüvvələri qarşılarına qoyulan tapşırıqları yerinə yetirmək və ölkəni effektiv şəkildə qorumaq qabiliyyətinə malikdir. Əraqçi vurğulayıb ki, son müharibədən çıxarılan dərslər İranın hazırlığını daha da gücləndirib. "Diplomatiya mənim prioritetimdir və hesab edirəm ki, seçdiyimiz yol bu problemin həlli üçün ən məqsədəuyğundur. Əgər tərəfdə narahatlıq və ya suallar varsa, Tehran onlara cavab verməyə hazırdır. Lakin nüvə texnologiyalarının yalnız dinc məqsədlər üçün istifadəsi hüququndan güzəştə getməyə hazır deyilik. Bu, bizim əsas tələbimizdir,” – deyə o əlavə edib.
Siyasi şərhçi bildirib ki, Tehranın mərkəzində HƏMAS lideri öldürülmüş, İranın alimləri və generalları hədəfə alınmış, nüvə obyektlərinə isə yeraltı zərbələr endirilmişdi.
"İran buna cavab olaraq nə etdi? Heç nə. İndi deyirlər ki, “daha yaxşı hazırlaşmışıq”. Nəyə daha yaxşı hazırlaşmısınız? Altı–yeddi ay keçib, elə böyük zaman intervalı deyil. Hansı yeni gücü, hansı texnologiyanı icad etmisiniz ki, İsrailin və ABŞ-nin elmə və texnologiyaya əsaslanan hərbi gücünün qarşısına qoyasınız? Yoxsa yenə boş, cəfəng məzhəb nağılları ilə onların qabağına çıxmağı düşünürsünüz? Axı gördünüz ki, o nağıllar heç nəyə yaramır. Bu, sadəcə “biz də varıq” demək cəhdidir. Amma bütün dünya görür ki, İran çox acınacaqlı vəziyyətdədir. Ona görə də İranın danışacağı və arzulayacağı tək bir istiqamət olmalıdır – yalnız sülh danışıqları. İran oturub-durub dua etməlidir ki, ABŞ onunla masa arxasında danışmağa razı olsun. Müharibəni isə tamamilə unutmalıdır. İranın münaqişə aparmaq üçün kifayət qədər gücü və resursu yoxdur. Xüsusən də qarşısında İsrail və ABŞ kimi güclər varsa".
Rəfiqə Namazəliyeva,
AzNews.az