“Xalq Mücahidləri Təşkilatının hücum iddiası siyasi və ideoloji məqsədlərə xidmət edir” – Rəşad Bayramov

"İran Xalq Mücahidləri Təşkilatının təklif etdiyi hücumla bağlı iddia təbii olaraq həm daxili, həm də beynəlxalq auditoriyada böyük müzakirələrə səbəb olub. Bu da təbiidir, çünki təşkilatın 250 üzvünün İranın Ali Lideri Əli Xameneinin iqamətgahına hücum etməsi və 100 üzvünün həlak olması barədə açıqlama verməsi prinsipcə ciddi siyasi əhəmiyyətə sahib olan bir hadisədir. Həmin hücumun məqsədinə dair hər hansı bir məlumat verilməməsi və İran hökumətinin bu məsələyə rəsmi münasibət bildirməməsi isə məsələnin ciddiliyini və onun ətrafında yaratdığı təlatümü daha da artırıb. Düşünürəm ki, İran Xalq Mücahidləri Təşkilatının Əli Xameneinin iqamətgahına hücum etməsi iddiası, ilk növbədə, təşkilatın özünün siyasi və ideoloji məqsədlərinə xidmət edən bir hərəkət olaraq qiymətləndirilə bilər. Xalq Mücahidləri uzun illərdir ki, İranın rəhbərliyinə qarşı mübarizə aparan və rejimi dəyişdirməyə çalışan bir müxalifət qüvvəsi kimi tanınır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Xalq Mücahidləri Təşkilatının 250 üzvünün Tehranda İranın ali rəhbəri Əli Xameneinin iqamətgahına hücum etdiyi iddia olunub. Bu açıqlama ilə təşkilatın özü çıxış edib. Məlumata görə, bir neçə saat davam edən qarşıdurma nəticəsində Xalq Mücahidləri Təşkilatının 100 üzvü həlak olub. Hücumun məqsədi ilə bağlı hər hansı açıqlama verilməyib. İran hökuməti və yerli media hadisə ilə əlaqədar rəsmi məlumat yaymayıb. Qeyd edək ki, Əli Xameneinin iqamətgahının ətrafında Prezident Administrasiyası da daxil olmaqla bir sıra dövlət qurumları yerləşdiyi üçün bu ərazi ciddi şəkildə mühafizə olunur. Daha sonra həmin ərazidə yerləşən məktəblərdə tətil elan edildiyi barədə xəbərlər yayılıb. İran Təhsil Nazirliyi isə yaydığı bəyanatda bu məlumatları təkzib edərək, onları “informasiya dələduzluğu” kimi qiymətləndirib.

Siyasi şərhçi qeyd edib ki, bu təşkilatın əsas məqsədi Əli Xameneinin rəhbərlik etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun və digər mühafizəkar qurumların hakimiyyətini sarsıtmaq, eləcə də rejimdə islahatlar həyata keçirməkdir.

"Bu baxımdan, bu iddialar Xalq Mücahidləri Təşkilatının daxili auditoriyasına bir mesaj göndərmək və onları daha da motivasiya etmək məqsədini güdür deyə bilərik. Hücumun xüsusilə əhəmiyyətli bir yerə, yəni Xameneinin iqamətgahına yönəlməsi, təşkilatın öz mövqeyini sərtləşdirməsi və rejimə qarşı güclü bir müqavimətə hazırlıq kimi qəbul edilə bilər. Bundan əlavə, bu iddiaların beynəlxalq ictimaiyyətə yönəlmiş bir mesaj olması da mümkündür. Xalq Mücahidləri Təşkilatı yalnız İranın daxili siyasətində deyil, beynəlxalq aləmdə də öz təsirini artırmağa çalışır. Onlar rejimə qarşı mübarizəyə beynəlxalq diqqəti çəkmək istəyirlər. Yəni məqsəd həm də daha çox beynəlxalq dəstək əldə etməyə hesablanıb deyə bilərik. Xalq Mücahidləri çalışır ki, xüsusilə Qərb ölkələrində İranın nüvə proqramı və insan haqları pozuntuları ilə əlaqəli təzyiqlər tətbiq edən müxalif qrupların dəstəyini qazansınlar. Buna görə də, bu iddialar İranın rəhbərliyinə qarşı beynəlxalq təzyiqin artırılmasına yönəlik bir addım olaraq da qiymətləndirilə bilər. İran hökumətinin bu hadisəyə qarşı rəsmi münasibət bildirməməsi və məsələyə dair heç bir məlumat yaymaması özü də informasiya müharibəsinin bir hissəsi ola bilər. Belə ki, informasiya müharibəsi bir tərəfdən insanların fikirlərini yönləndirmək, digər tərəfdən isə tərəflərin öz mövqeyini daha güclü bir şəkildə təqdim etmək məqsədini güdür. İran hökuməti Xalq Mücahidləri Təşkilatının bu cür iddialarına cavab verməməklə, onların daha geniş şəkildə diqqət çəkmələrinin və daha çox tərəfdaş qazanmalarının qarşısını almaq istəyir. Eyni zamanda, bu, rejimin öz imicini qorumağa çalışdığını və cəmiyyətə qarşı sabitlik görüntüsü vermək məqsədini güddüyünü göstərir. Təsadüfi deyil ki, İran hökuməti təhsil müəssisələrində tətil elan edilməsi xəbərini dərhal təkzib etdi və bunu “informasiya dələduzluğu” kimi qiymətləndirdi. Bu, həm də informasiya məkanında öz nüfuzunu qorumağa çalışan bir yanaşmadır. Ümumiyyətlə isə Xalq Mücahidləri Təşkilatının bu üsuldan əvvəllər də istifadə etdiyi məlumdur. Təşkilat tarixdə bir neçə dəfə informasiya müharibəsinin bir hissəsi olaraq belə iddialar irəli sürüb və cəmiyyətin diqqətini çəkib. İndiyə qədər də Xalq Mücahidləri Təşkilatının mübarizəsi yalnız silahlı qarşıdurmalarla deyil, həm də informasiya və psixoloji müharibə vasitəsilə həyata keçirilib. Bu addımlar İranın daxili və xarici siyasətindəki balansları sarsıtmağa yönəlib. Sadalananları nəzərə alaraq deyə bilərəm ki, İran Xalq Mücahidləri Təşkilatının bu iddiaları həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə mesaj göndərən bir addım kimi qiymətləndirilə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az