“İran cəmiyyəti faktiki olaraq dəyişiklik tələb edir” – Zaur İbrahimli

"Son 7 ildə İranda davamlı olaraq müşahidə etdiyimiz sosial etirazlar deməyə əsas verir ki, ölkənin hazırkı hakimiyyəti əvvəlki dövrlərlə müqayisədə daha az legitimliyə malikdir və İran əhalisinin böyük bir hissəsi faktiki olaraq dəyişiklik tələbi ilə çıxış edir. Əlbəttə, dəyişiklik tələbi hər təbəqə tərəfindən fərqli formada ifadə olunur. Biz ABŞ və İsrailin İranla müharibəyə başlamasından əvvəl keçmiş prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıqlamalarını eşitdik. Onlar bəyan etdilər ki, biz islahatları həyata keçirməliyik, dünyadan təcrid olunmamalıyıq, ölkənin inkişafını Qərblə dialoq və əməkdaşlıq şəraitində aparmalıyıq. Eyni zamanda Prezident Məsud Pezeşkian davamlı olaraq dəyişiklik çağırışları ilə çıxış edir və daxili iqtisadi islahatlar həyata keçirmək, korrupsiyanın qarşısını almaq, ölkə iqtisadiyyatını şəffaflaşdırmaq məqsədilə komanda qurduğunu bildirirdi. Lakin mühafizəkarlar parlamentdəki çoxluqdan istifadə edərək Mərkəzi Bankın sədrini istefaya göndərdilər, Cavad Zərifi prezidentin müavini vəzifəsindən uzaqlaşdırdılar, İqtisadiyyat Nazirliyində dəyişikliklər etdilər və faktiki olaraq ali dini-siyasi rəhbərin iradəsi fonunda Pezeşkianı real idarəetmədən kənarda qoydular. Lakin İran iqtisadi baxımdan sanksiyaların təsiri ilə çox ciddi problemlərlə üzləşib. Ölkədə ərzaq inflyasiyası 110 faizə qədər yüksəlib. Eyni zamanda sanksiyaların azaldığı 2016–2018-ci illərdə ölkədə əvvəlcə 13 faiz, sonra isə 4 faiz iqtisadi artım qeydə alınmışdı. Həmin dövrdə İranın dondurulmuş vəsaitlərindən istifadə etmək hüququ da verilmişdi. Hazırda isə ölkənin milyardlarla dollar vəsaiti xaricdə dondurulub. 2025-ci il parlament dinləmələrində aparılan araşdırmaların nəticələrinə görə, neft satışından əldə olunan 21 milyard dolların yalnız 13 milyardı dövlət büdcəsinə daxil olub. Bu isə ölkədə ciddi korrupsiya problemlərinin mövcudluğunu göstərir. Çünki faktiki olaraq ölkədə paralel güc strukturu – İslam İnqilabı Keşikçiləri Korpusu – mövcuddur. Bu struktur heç kimə tabe deyil, parlament qarşısında hesabatlı deyil və müəyyən qrupların, konkret ailələrin sərəncamında milyardlarla dollar qeyri-qanuni şəkildə dövriyyə edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması və beynəlxalq təzyiqlərin güclənməsi İranın daxili siyasi perspektivini yenidən gündəmə gətirib. ABŞ və İsraillə münasibətlərin daha da kəskinləşməsi, sanksiyaların davam etməsi və regionda formalaşan yeni güc balansı fonunda ölkədə mövcud idarəetmə modelinin nə dərəcədə davamlı olduğu sual doğurur. Son illər iqtisadi problemlərin dərinləşməsi, sosial narazılıqların artması və beynəlxalq təcrid şəraiti İran cəmiyyətində islahatlar və mümkün dəyişikliklərlə bağlı çağırışları daha da gücləndirib.

Siyasi şərhçi qeyd edib ki, bütün bunlar İran əhalisinin davamlı şəkildə kasıblaşmasına və yoxsullaşmasına səbəb olur.

"Həmçinin İranın avantürist xarici siyasətinə xərclədiyi milyardlarla dolların nəticəsiz qalması da narazılığı artırır. Bəşər Əsəd rejiminə 13 il davamlı dəstək verildi, milyardlarla vəsait xərcləndi, lakin rejim qısa müddətdə sarsıldı. O cümlədən HƏMAS və Hizbullaha göstərilən dəstək də gözlənilən nəticəni vermədi və bu qruplar İsrailin təzyiqləri qarşısında ciddi itkilərlə üzləşdilər. Belə olan şəraitdə həm xarici siyasətdəki uğursuzluqlar, həm də daxili iqtisadi və sosial vəziyyətin ağırlaşması İranda dəyişikliklərin əsas səbəbləri kimi çıxış edir. Ən vacib amillərdən biri isə dini-ideoloji sistemə olan inamın zəifləməsidir. Bu ideologiya əsasən hakimiyyətdən bəhrələnən müəyyən qruplar və ailələr tərəfindən müdafiə olunur. Yeni nəsil isə nəzərə alsaq ki, İran əhalisinin böyük hissəsi gənclərdən ibarətdir, bu ideoloji yanaşmaya bağlı deyil və əvvəlki kimi sadiqlik nümayiş etdirmir. Bütün bu faktorların məcmusu deməyə əsas verir ki, İranda dəyişikliklər qaçılmazdır. Bu dəyişikliklər ya mərhələli islahatlar yolu ilə, ya da kütləvi iğtişaşlar, saray və ya hərbi çevrilişlər formasında baş verə bilər. Hətta müharibə bitsə və Qərb ölkələri ilə anlaşma əldə olunsa belə, mövcud siyasi idarəetmə modelini indiki formada saxlamaq çətin görünür. Eyni zamanda etnik zəmində yürüdülən siyasət də mühüm faktordur. Fars millətçiliyinin ön plana çıxması, etnik qrupların hüquqlarının tam təmin olunmaması daxili narazılığı artıran səbəblərdəndir. Orta müddətli perspektivdə, yəni yaxın illərdə dəyişiklik ehtimalı yüksək olaraq qalır. Bu dəyişikliklərin nə qədər dərin və genişmiqyaslı olacağını indidən demək çətindir. Lakin hazırkı ideoloji sistemi və idarəetmə modelini dəyişikliksiz qoruyub saxlamaq mümkün görünmür. Mərhələli islahatlar isə yalnız ölkənin ərazi bütövlüyü və vahidliyi qorunduğu halda mümkün ola bilər. Ən arzuolunmaz ssenari daxili qarşıdurmaların yaranması, ayrı-ayrı qrupların müxtəlif ərazilərə nəzarəti ələ keçirməsi və nəticədə Liviya və Suriyada müşahidə olunan proseslərin təkrarlanmasıdır. Bu, həm İran üçün fəlakət, həm də region üçün ciddi təhlükə mənbəyi ola bilər. Mövcud hakimiyyət belə bir perspektivin qarşısını almaq istəyirsə, ən rasional yol islahatlardan keçir. Milli birliyi və həmrəyliyi təmin edən addımların atılması, etnik və məzhəbi qarşıdurmaların qarşısının alınması zəruridir. Bütün bunlar isə kompromisləri və yeni mərhələnin başlanması üçün qəti qərarların qəbul edilməsini tələb edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az

AzNews.az