“ABŞ–İran qarşıdurması artıq dünya iqtisadiyyatına təsir edir” - Elçin Xalidbəyli

"ABŞ və İran arasındakı hərbi qarşıdurmada hər hansı kənar vasitəçilərin prosesə qoşulacağı hələlik inandırıcı görünmür. Çünki bu iki dövlət arasında birbaşa danışıqlar mövcud idi və həmin mərhələdə vasitəçilər iştirak etmirdi. Lakin sonradan danışıqlar prosesi yarımçıq qaldı və ilk olaraq ABŞ-nin İrana hərbi müdaxiləsi baş verdi, zərbələr endirildi. Hazırkı vəziyyət gərginliyin daha da artması istiqamətində inkişaf edir. Bu səbəbdən Avropa Birliyi ölkələri İrana qarşı müharibənin genişlənməsindən ciddi şəkildə narahatdırlar. ABŞ, İran və İsrail arasında artan qarşıdurma artıq dünya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Yaxın Şərqdə hərbi və siyasi gərginliyin artması fonunda beynəlxalq ictimaiyyət diplomatik həll yollarının vacibliyini vurğulayır. Ursula von der Leyen isə İran münaqişəsinin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini bildirərək, “Yeganə çıxış yolu diplomatiyadır” deyib. O, əlavə edib ki, regiondakı vəziyyət enerji resursları, nəqliyyat infrastrukturu, təhlükəsizlik və miqrasiya sahələrinə ciddi təsirlər göstərir.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə Avropa iqtisadiyyatı ilkin mərhələdə də olsa müəyyən zərbələrlə üzləşir.

"Enerji resurslarının dünya bazarlarında qiyməti yüksəlir, nəqliyyat və kommunikasiya sistemlərində pozulma riski artır. Eyni zamanda qlobal təhlükəsizlik mühiti baxımından da ciddi problemlər yaranır. İrana qarşı hərbi zərbələr əks reaksiya doğurduğundan bəzi ərəb dövlətləri də cavab hücumlarına məruz qalır. Rəsmi Tehran həmin ölkələri ABŞ-nin yanında yer almaqda ittiham edir və onlara qarşı zərbələr endirir. Bu isə qarşıdurmanın coğrafiyasını genişləndirərək qlobal iqtisadiyyata əlavə sarsıdıcı təsirlər göstərir. Avropa ölkələri müharibənin mümkün qədər tez dayandırılmasında maraqlıdır. Məsələn, İspaniya açıq şəkildə bu müharibəyə etiraz etdiyini bəyan edib və ABŞ-nin öz ərazisindən İrana qarşı hərbi əməliyyatlar aparmasına icazə verməyəcəyini bildirib, hətta ABŞ hərbi təyyarələrinin ölkədən çıxarılmasını tələb edib. Eyni mövqeni Böyük Britaniya da sərgiləyib. Rəsmi London ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına qoşulmayacağını və zərbələrin endirilməsində iştirak etməyəcəyini bəyan edib. Bu isə göstərir ki, Avropa dövlətləri müharibənin dərinləşməsindən ciddi şəkildə narahatdırlar. Bununla belə, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin sülh danışıqları təşəbbüsü indiki mərhələdə o qədər də effektiv görünmür. Çünki ABŞ-nin daha əvvəl İranla danışıqlar apardığı məlumdur və əgər məsələni danışıqlar masasında həll etmək niyyəti qəti olsaydı, İrana hərbi zərbələr endirilməzdi. Mövcud vəziyyət onu göstərir ki, yaxın perspektivdə qarşıdurmanın davam etmə ehtimalı yüksəkdir. Bu baxımdan hazırkı mərhələdə sülh danışıqları real və operativ nəticə verəcək mexanizm kimi qiymətləndirilmir".

Rəfiqə Namazəliyeva,

AzNews.az